Qurban Qurbanov: “90 dəqiqə oyuna nəzarət etdik”
Qurban Qurbanov: “90 dəqiqə oyuna nəzarət etdik”
Misli Premyer Liqasının XX turunun “Qarabağ” - “Turan Tovuz” oyunundan (1:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
“Məğlub olmaq istəməzdik. Təəssüf ki, uduzduq. Amma futbolçularım, demək olar ki, 90 dəqiqə oyuna nəzarət edə bildilər. Sadəcə, futbolun bəzən belə tərəfləri olur, bir dəqiqə ərzində hər şey tam əksinə baş verə bilir. Buraxdığımız ilk qolda rəqibin 5 oyunçusu qapıçımızı əhatəyə aldı və oradan çıxmağına imkan vermədilər. Qapıçını biri əllə, biri bədənlə itələyirdi. Bəs cərimə necə olur? İkinci qolda isə bizim lehimizə korner vermək əvəzinə cərimə zərbəsi təyin edildi və hücum edib qol vurdular. Sanki hakimlər belə epizodlara bəsit yanaşırlar. İstəyimiz odur ki, epizodlara düzgün reaksiya versinlər”.
Baş məşqçi UEFA Avropa Liqasında Rumıniyanın FCSB klubu ilə keçirilən oyundan sonra komandanın bugünkü matça yaxşı hazırlaşdığını söyləyib: “Futbolçularımız psixoloji cəhətdən çox hazır idilər. Matça da yaxşı hazırlaşmışdılar. Düzdür, daha yaxşı oynaya bilərdik. Amma bizi də başa düşmək lazımdır. Üzərimizdə az yük yoxdur”.
Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin son turunda yanvarın 30-da Yunanıstanın “Olimpiakos” klubuna qarşı keçiriləcək səfər görüşü barədə də fikirlərini bölüşüb: “Bir oyunumuz qalıb. Mütləq yaxşı hazırlaşmalıyıq. Çünki “Olimpiakos” çox ciddi rəqibdir. Ötən il UEFA Konfrans Liqasının qalibi olub. Bu mövsüm isə ən sürətli futbol oynayan komandalardan biridir. Futbolçularımız oyundan-oyuna daha yaxşı formaya düşürlər. Məncə, rahat çıxış edəcəyik. Çünki stress istər-istəməz az olacaq”.