Qurban Qurbanov: "Bu, "qara zolağ"a düşmək deyil" (qol.az)

single-news
20 Apr 2011

Qurban Qurbanov: "Bu, "qara zolağ"a düşmək deyil" (qol.az)



Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi

- Komandanız "altılıq"da keçirdiyi son üç oyunda qələbəyə həsrət qalıb. Bəlkə üç tur  öncə“Neftçi”yə məğlubiyyət kollektivi ruhdan salıb?

- Mən belə düşünmürəm. Ola bilər, bu məğlubiyyət kollektivə cüzi təsir edib. Amma hər halda "Neftçi"ylə oyun artıq geridə qalıb. Biz hansısa uğursuzluğa görə ruhdan düşən komanda deyilik. Çünki belə olsa, “Qarabağ” hər matça üç xal iddiası ilə çıxa bilməz. Son vaxtlar qol vura bilmirik, bundan hamı danışır. Ancaq tədricən bunu da aradan qaldırmaq fikrindəyik. Həm də fikir verin, biz ard-arda “Neftçi” “Xəzər Lənkəran” və “Bakı” kimi güclü komandalara qarşı çox ağır oyunlar keçirdik. “Altılığ”a ən güclü komandaların cəm olması xalların məhz bu cür çətin əldə olunmasına gətirib çıxarır.

- Azarkeşlərinizdə belə bir narahatlıq yaranıb ki, "Qarabağ" birinci dövrədə olduğu kimi "qara zolağ"a düşüb.

- Qətiyyən. Bunu həmin məsələylə eyniləşdirmək lazım deyil. Çünki onda futbolçularımızın milliyə getməsinə və zədəli oyunçularımıza görə əziyyət çəkirdik. Həm də “Qarabağ” digər komandalardan 4-5 baş üstün deyil ki, hər oyunda qələbə qazansın. Baxın, rəqiblərimizin ehtiyat qüvvəsi və ehtiyat oyunçular skamyası kifayət qədər legioner futbolçuyla zəngindir.

- “Qarabağ”da da belə problem var?

- Xeyr. Bizdə də yerli və əcnəbi oyunçulardan təşkil olunan kifayət qədər ehtiyat qüvvə mövcuddur. Lazım olsa, rəqiblərə qarşı fərqli heyət də oynada bilərik. Sadəcə, belə uğursuzluq hər bir klubun başına gələ bilər. Növbəti tur qələbə qazanmaqla xal itkilərimizi aradan qaldırmaq istəyirik. Komanda olaraq əvvəlki oyunlarda etdiyimiz səhvləri təkrar etməməliyik. Bizə yalnız bu, əngəl ola bilər.

- Berti Foqts çempionatın gedişatında millini yenə Almaniyaya tibbi yoxlanışa aparıb. Bu, baş məşqçi olaraq, sizin planlarınıza nə dərəcədə təsir edib?

- Belə bir vaxtda “Qarabağ”lı futbolçuların klubdakı baş məşqçilərinin yanında olması həm mənə, həm də onlara daha rahat olardı. Bununla komandamız daha yaxşı nəticələr verə bilər.

- Sizcə, milli üçün bu testi Almaniyada deyil, Azərbaycanda təşkil etmək olmazdı?

- Əlbəttə, olardı. Ancaq milli komandaya görə buna etiraz etmək olmur. AFFA belə məsləhət bilirsə, bu qərarı hörmət etməliyik. Nəticəyə baş məşqçi cavabdehdi. Ona görə də Berti Foqtsun seçimi qəbul olunur. Hərçənd, milli çempionata daha çox fikir vermək lazımdı ki, burda yetişən oyunçular hazır şəkildə milliyə çağırılsın. Bu, bizi daha da irəli aparar. Bu, milli üçün də rahat olacaq. Daim bu sistemlə getsələr, milli komanda üçün geniş imkanlar açılaçaq.

- Növbəti turda rəqibiniz ötənilki çempion “İnter”dir. Nəzərə alaq ki, son turda proqnozların əksinə, “bankirlər” Lənkəran səfərindən bir xalla döndü.

- Düzdü, asan oyun olmayacaq. Çünki "İnter" ötən turlarda buraxdığı səhvləri təkrar etmir. Bu da onları təhlükəli rəqibə çevirir. Axırıncı turda onların rəqibini vacib iki xaldan məhrum etməsi və son çempion olması bizim işimizi çox çətin edəcək. Həm də statistikaya nəzər yetirsək, biz “İnter”lə qarşılaşmalarda çox çətin anlar yaşayaraq, vacib xallar itirmişik. Digər tərəfdən, "İnter"in yaxşı formalaşmış oyun sxemi var. Topa sahib olmada “İnter”daha güclüdü. Həm də yaddan çıxartmaq lazım deyil ki, onların oyununda baş məşqçinin işi daha aydın görsənir.

- Gələcək görüşlərdə heyətdə hansısa yenilik görə biləcəyik?

- Son vaxtlar İlqar Qurbanovu xüsusi qeyd etmək istəyirəm. O, çox ciddi cəhdlə əvvəlki formasına qayıtmağa çalışır. Növbəti turlarda ola bilsin, İlqar Qurbanovu da meydana buraxım.

- “Qarabağ”ın avroliqaya vəsiqə qazanmaq şansını necə qiymətləndirirsiz?

- Hazırkı duruma baxanda deyə bilərəm ki, şansımız kifayət qədərdi. Ancaq bir şərtlə ki, Premyer Liqanın növbəti turlarında xal itkisinə yol verməyək.Bizdən sonrakı komanda - AZAL-la aramızda beş xal fərq var. Buna baxmayaraq, biz ötən il olduğu kimi, Avroliqaya yenidən vəsiqə qazanmaq istəyirik.

- Bildiyimizə görə, mövsümün sonunda Elvin Məmmədov və Vüqar Nadirovun “Qarabağ”la müqavilə müddəti başa çatır. Bu oyunçularla müqavilənin uzadılacağı gözlənilir?

- “Qarabağ” yerli oyunçulara həmişə daha çox üstünlük verib. Həm də nəzərə alın ki, hər iki oyunçu bir neçə ildi bizim kollektivdə çıxış edir. Özünüz də görürsünüz ki, Azərbaycanda yaxşı çıxış edən yerli oyunçuların qıtlığı özünü qabarıq göstərir. Həm də onlar bizim oyun sxemimizə uyğun gələn futbolçulardır. Bu səbəbdən, Vüqar Nadirovla Elvin Məmmədovu əldən buraxmaq istəmirik. Bizim üçün onlarla işləmək çox rahatdır. Bu haqda danışıqlarımız da olub. Millimiz Almaniyadan qayıtdıqdan sonra hər iki futbolçuyla bağlı qərar qəbul olunacağı gözlənilir.

Paylaş

// pop up