Qurban Qurbanov: "Bütün yorğunluqları, çatışmazlıqları arxada qoymalıyıq"

Qurban Qurbanov: "Bütün yorğunluqları, çatışmazlıqları arxada qoymalıyıq"
Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Neftçi"yə 1:3 hesabıyla məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Bu, idmandır. Futbolçular həmişə gərgin qrafikdədilər. Amma belə oyunlara, məğlubiyyətlərə hazır olmalıyıq. Danışılası bir şey yoxdur. Oyun və nəticə barədə hər bir futbolçu ilə ayrılıqda danışacam. Futbolçuların yanında olmalıyam. Belə vəziyyətlər çox olub. Biz istəkli komandayıq. Sadəcə, səhvlər olur. Bunları aradan qaldırmalıyıq. Daha möhkəm kollektiv olaraq qarşıdakı oyuna hazırlaşmalıyıq. İradlar olacaq, bunu başa düşürəm. Biz hər oyuna qələbə istəyi ilə çıxırıq
Hər məğlubiyyətdən sonra psixoloji yorğunluq olur. Bu gün də heyətdə çox dəyişiklik etmişdim. Bəzi oyunçuları riskə atmaq istəmədim. Əsas heyətdən 3-4 oyunçu oynadırdım. Amma hiss edirdim ki, onlar üçün oynamaq ağırdır. Məğlubiyyətin səbəbini bunda axtarmaq istəməzdim. Sadəcə bu görüşə hazırlaşmaq üçün vaxtımız az olmuşdu. Bəzən belə məğlubiyyətlərin komandaya faydası olur. Üzücü olsa da, işimiz ilboyu davam edir. Bütün yorğunluqları, çatışmazlıqları arxada qoymalıyıq".