Qurban Qurbanov: “Bundan istifadə etmək istədik”

single-news
24 Apr 2024

Qurban Qurbanov: “Bundan istifadə etmək istədik”



Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” matçından (4:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Finalda oynamaq şansı qazandıq. Oyundan ümumən razı qaldım. “Neftçi”yə uğurlar arzulayıram. Heyətdə böyük dəyişikliklər etmək fikrində deyilik. Düşündüklərimizi daha da yaxşılaşdırmaq istəyirik. Həm məşqlərdə, həm oyunlarda bunu tələb edirik. Sistem dəyişikliyinin tərəfdarı deyiləm. Matçın gedişində yerdəyişmələr, rotasiyalar edirik”.

 

Baş məşqçi futbolçularımızın digər klubların maraq dairəsində olmasına da münasibət bildirib: “Futbolçuların çoxunun bizim klubla müqaviləsi var. Kluba lazım olmasa, heç hara gedə bilməzlər. Onlar bizim oyunçulardır. Juninyo da onlardan biridir. Onun özü də burada olmasından razıdır. Musa Qurbanlının icarəyə götürülməsi müzakirə mövzusu deyil. Mövsümü optimal formada bitirməyə çalışırıq”.  

 

Qurbanov komandamızın oyun üslubuna da toxunub: “Rəqib hansı zonadan imkan verirsə, ondan istifadə etməyə çalışırıq. Bizim oyun üslubunun elementlərindən biri mərkəzdən tez hücuma keçməkdir. Bəzən yaxşı alındı. Rəqib imkan verdiyi qədər bundan istifadə etmək istədik. Bugünkü futbol bunu çox tələb edir”.

 

Qurbanov komandamızın sabiq kapitanı Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə”yə qarşı final matçının maraqlı keçəcəyini gözlədiyini bildirib: “Çox yaxın dostuq. Meydanda bir-birimizi rəqibik. Aramızda müəllim – şagird aramızda olmayıb. Nəinki Rəşad, digər futbolçularla da. Bu, peşəkar işdir. Rəşad özü komandanı idarə edir, düşüncələrini həyata keçirmək istəyir. İki dostun meydandakı rəqabəti, qarşılaşması olacaq. Əminəm ki, azarkeşlər üçün maraqlı matç olacaq”.

Paylaş