Qurban Qurbanov: Bunu həyata keçirmək çox çətin olacaq (azerisport.com)

single-news
13 Apr 2012

Qurban Qurbanov: Bunu həyata keçirmək çox çətin olacaq (azerisport.com)



Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 40 yaşını qeyd edir. Azerisport.az xəbər verir ki, o, öz ad gününü təntənəli şəkildə qeyd etməkdən məhrumdu. Çünki gənc mütəxəssis komandası ilə bu gün Qəbələyə yola düşəcək. Hansı ki, Premyer Liqanın 28-ci turu çərçivəsində sabah “Qəbələ” ilə çətin səfər oyununa çıxacaqlar. Bu səfər öncəsi Qurbanov azerisport.az saytının suallarını cavablandırıb.

- “Qarabağ” “Qəbələ” ilə oyuna nə dərəcədə hazırdı?
- Sabah (bu gün – red.) səhər Qəbələyə yola düşürük. Matça hazırlıqları orda da davam etdirəcəyik. Komandanın bu matça nə dərəcədə hazır olduğunu isə oyundan sonra biləcəyik.
 
- 40 yaşınızı qeyd etməyəcəksiz?
- Təntənəli nəsə gözlənilmir. Çünki oyunun hazırlıqları ilə məşğuluq.
 
- “Qəbələ” son turda “Xəzər Lənkəran”a evdə uduzdu. Onları kubokda da məhz sizin komandanız dayandırmışdı. Düşünmürsüz ki, onlar artıq əvvəlki oyunlardakı qədət güclü motivasiyaya malik olmayacaqlar?
- Əminəm ki, onlar bizimlə oyuna xüsusi hazırlaşacaqlar. Hər bir komanda qara zolaqdan mümkün qədər tez çıxmaq istəyir. Lakin qələbə onlardan da çox bizə lazımdı.
 
- “Qəbələ” üzərində güclü təzyiqin olmaması isə onlar üçün müəyyən üstünlükdü...
- Nə qədər yüksək hədəflər üçün vuruşursansa, turnir cədvəlində üst pillələrdəsənsə, təzyiq də güclü olur. Əgər “Qəbələ” də bizim yerimizdə olsaydı, eyni şeyi hiss edərdi. Təbii ki, rəqib daha sərbəst oynayacaq ki, bu, onların bizimlə oyundakı üstünlüklərindən biridi. Biz həm də iki cəbhədə mübarizə aparırıq. Digər tərəfdən “Qəbələ” “Qarabağ”a qarşı çox yaxşı oynayır. Elə kubokda da onlar bizə qarşı çox uğurlu iki oyun keçirmişdilər.

- Maraqlıdı ki, mətbuatda daim “Qarabağ”ın çempionluğa oynadığı iddia olunsa da, futbolçularınız avrokuboklara vəsiqə üçün mübarizə apardığınızı deyir...
- Çempion olan komanda avrokuboklara vəsiqə qazanmır ki? Sadəcə indi “Qarabağ”ın şansları çox azdı. Oyunçularımız da bunu başa düşürlər. Biz “Neftçi”dən yeddi xal geri qalırıq, qarşıda da beş oyun var. Belə qısa müddətdə bu qədər fərqi aradan qaldırmaq çox çətin olacaq.
 
- Belə çıxır ki, “Qarabağ” medallar uğrunda mübarizə aparacaq?
- Biz mübarizəmizi sona kimi davam etdirəcəyik. Yekun nəticə isə yalnız sonuncu turda bilinəcək. Bizim avrokuboklara düşməyimiz də hələ həllini tapmayıb. Bunu da unutmamaq lazımdı.
 
- Aprelin 22-də siz PRO kateqoriyası ilə əlaqədar Nyona getməlisiz. Amma həmin gün komandanızın “Bakı” ilə oyunu var...
- AFFA-dan bu səfərin təxirə salınmasını xahiş edəcəm. Birincisi, bütün imtahanlar başa çatıb, suallar cavablandırılıb. Nyona səfər isə sırf tanışlıq xarakteri daşıyır. İkincisi də hazırda mövsümün həlledici dövrüdü. Ona görə də mənim komandamla birgə olmağım lazımdı.

Paylaş

// pop up