Qurban Qurbanov: “Çox uğurlu mövsüm keçirdik”

single-news
2 İyn 2024

Qurban Qurbanov: “Çox uğurlu mövsüm keçirdik”



Azərbaycan kubokunun finalında keçirilən “Qarabağ” – “Zirə” oyunundan (2:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

 

“Hamımız üçün uğurlu mövsüm oldu. Maraqlı çempionat keçdi. Kubokun finalı da yaxşı, dinamik, azarkeşlər üçün maraqlı oyunla mövsümə damğasını vurdu. Azarkeşlərə də təşəkkür edirəm. Bu gün qarşımızda çox istəkli və dinamik komanda var idi. Sonadək məğlub olmaq istəmədilər, bizə istədiyimiz oyunu göstərməyə imkan vermədilər. Meydan boyu düzgün müdafiə və hücumlar qurdular. “Zirə”yə bu mövsümdə ancaq alqış düşür. Çox yaxşı mövsüm keçirdilər. Rəhbərliyini təbrik edirəm, uğurlar arzulayıram. Öz futbolçularımı ürəkdən təbrik edirəm. Hər iki kubokun qalibi oldular. Həm çempionat, həm kuboku qazandılar. Çox uğurlu mövsüm keçirdik. Futbolçular böyük işlər gördülər. Qarşıdakı yeni mövsümdə futbolçularımızı daha istəkli etməyə çalışacağıq. Uğurdan sonra bəzən çətin olur. İstəyi çoxaltmağa çalışacağıq ki, növbəti mövsümü də uğurlu keçirək”.

 

Qurbanov ayrı-ayrı oyunçular barədə də danışıb: “Aleksey İsayevdən razıyam. Komandaya da fayda verir. Onun oyunu məni qane edir, güvənim də çoxdur. Maksim Medvedevlə gələcək karyerası ilə bağlı qısa söhbət etmişik. Mən bura gələndən bir yerdə çalışmışıq, əsas oyunçum olub. Azərbaycan futboluna fayda verən futbolçudur. Medvedev gələcəkdə məşqçi olmaq istəyir. Yəqin qarşıdakı günlərdə mənimlə, klub rəhbərliyi ilə danışıqları olacaq və tez bir zamanda fəaliyyətə başlayacaq. Nəriman Axundzadənin son 3-4 turu çıxsaq, oyunundan tam razı qalmışdım. Son matçlarda narazılığımı özünə də bildirmişəm. Gənc futbolçu mövsüm boyu eyni səviyyədə ola bilməz. Ümumilikdə işgüzardır, peşəkardır. Daha yaxşı Nəriman görmək istəyirəm və tələb edirəm. Kadi Borqesi komandada görmək istəyərəm. Onun özü də, azarkeşlər də istəyə bilər”.

Paylaş

// pop up