Qurban Qurbanov: “Çox uğurlu nəticə oldu”

single-news
1 Dek 2023

Qurban Qurbanov: “Çox uğurlu nəticə oldu”



UEFA Avropa Liqasının V turunun “Molde” – “Qarabağ” oyunundan (2:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Oyunun gedişatına baxsaq, çox uğurlu nəticə oldu. Daha yaxşısını gözləyirdim. Fikirləşirdim ki, bir o qədər də çətinliyimiz olmaz, meydançaya daha tez uyğunlaşarıq. Amma futbolçular hava şəraiti, süni meydançaya uyğunlaşa bilmədilər. Öncədən də demişdik ki, bu, elə matç idi ki, çətinliklərə dözmək lazım olacaqdı. Şükürlər olsun ki, futbolçular bunu bacardılar. Çox vacib bir xal oldu. Bir oyunumuz qaldı. Bakıdakı görüşə daha yaxşı şəraitdə hazırlaşmağa çalışacağıq. Bu 1 xalın bizə faydası çox oldu. Amma arxayınlaşmaq olmaz. Bakıdakı qarşılaşmada mütləq daha diqqətli, istəkli olmalıyıq. Bütün çətinliklərə baxmayaraq, inamlarını itirmədikləri üçün futbolçularıma təşəkkür edirəm. Əvəzetmələrə hazırlaşırdıq. Sadəcə, bəziləri gözlənilməz oldu. Amma rəqib komandaya da qiymət vermək lazımdır. Çox keyfiyyətli komandadır. Həqiqətən də öz sistemlərinə o qədər sadə şəkildə uyğunlaşıblar ki, nə edəcəklərini hamı bilir. Çox epizodlarda diqqətli olduq, qarşısını aldıq. Əvəzetmədən meydançaya daxil olanlar özlərini pis tərəfdən göstərmədilər. Düzdür, bir az balans pozuldu. Ancaq daha istəkli və aqressiv oldular”.

 

Baş məşqçi son dəqiqələrin məhsuldar alınmasına da toxunub: “Son dəqiqələrdə buraxılan və vurulan qollar komandanın böyüməsi üçün bir vasitədir. Belə oyunlarda sonda qol vurmaq həm motivasiya, həm inam verir. “Bayer”lə görüşün son dəqiqələrində buraxdığımız top futbolçulara həddən artıq çox təsir etmişdi. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Son matçda bunu edə biləriksə, daha diqqətli, aktiv və soyuqqanlı oynamalıyıq. Avrokubokların pley-offuna vəsiqəni təmin etməyimiz bizi sevindirir. Bu gün bir az çatışmazlıq orta xətdə oldu. Həm Marko Yankoviç, həm Patrik Andrade yorulmuşdu. Ehtiyatda Riçard Almeyda var idi. Amma Julio Romaonun olmaması və Juninyonun gözlənilməz əvəzlənməsi planlarımızı pozdu. Biz həmişə yaxşı oyunçu axtarırıq. Qışda 2 oyunçu transfer etmək istərdim. Əlimizdə daha çox sağlam oyunçunun olması işimizi asanlaşdırır”.

Qurbanov Bəhlul Mustafazadənin qol vurması və “Hekken”lə son turdakı qarşılaşma barədə də danışıb: “Bakıda da belə oyunlar olub ki, hər iki mərkəz müdafiəçimiz riskə getmişdilər. Oyun anında Bəhlul Mustafazadə irəli getdi və künc zərbəsindən sonra da ön xətdə qaldı. Hətta mən geri qayıtmasını dedim. Son görüşdə soyuqqanlı, bacarıqlı olmağa çalışmalıyıq. “Hekken” qrupdakı bütün oyunlarında məğlub olub. Bakıya çox istəkli gələcəklər. Buna hazır olmalıyıq. Həddindən artıq istəkli olsaq, bizə mane ola bilər. Həmin görüşə soyuqqanlı şəkildə hazırlaşmağa çalışacağıq. Mənim daha həyəcanlı və daha gərgin oyunlarım çox olub. Bu gün o qədər də həyəcan yox idi, rahat idim”. 
 

Paylaş