Qurban Qurbanov: “Çox vacib üç xal əldə olundu”

single-news
4 Dek 2023

Qurban Qurbanov: “Çox vacib üç xal əldə olundu”



Misli Premyer Liqasının XV turunun “Qarabağ” – “Qəbələ” oyunundan (3:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal əldə olundu. Oyunçular çox əziyyət çəkdilər. Bəlkə hesab bizi bir az aldada bilər, amma oyun tam istədiyimiz kimi alınmadı. Maraqlı, azarkeşlər üçün baxımlı oyun oldu. Üç qol vuruldu, hər iki qapı önündə epizodlar yarandı. “Qəbələ”yə uğurlar arzulayıram. Son matçda da yaxşı performans göstərmişdilər. Bu gün də bunun şahidi olduq. İlk dəqiqələrdən hiss olunurdu ki, məğlub olmaq istəmirlər və sonadək mübarizə apardılar”.

 

Baş məşqçi Olavio Juninyo və Patrik Andradenin durumu, həmçinin qışda komandadan gedə biləcək legionerlərlə bağlı sualları cavablandırıb: “Olavio Juninyo ilə iki il əvvəl də maraqlanmışdıq. Həmin vaxt alınmasa da, oyununu izləyirdik. Son vaxtlar performansı pis deyil. Amma mən hələ tam razı deyiləm. Mən də, özü də daha yaxşı olmasını istəyirik. Öz üzərində işləməlidir. Patrik Andrade uyğunlaşmağa başlayıb. Öz idman formasını bərpa edib. Məncə, daha yaxşı olacaq. Qarşıdakı oyunlarda daha yaxşı Patrik görmək istərdim. Hələ ki, heç bir futbolçunun komandadan gedişi gözlənilmir”.

 

Mütəxəssis mövsümün ilk yarısının sonundakı sıx qrafik səbəbindən narahat olduğu məqamları da açıqlayıb: “Sırf nəticə deyil, gərgin, sıx qrafikə görə futbolçular arxayınlaşa bilər. Bunu nəzərə alaraq, biz məşqçilər korpusu daha aktiv, daha diqqətli olmalıyıq. Qarşıda heç də asan olmayan oyunlarımız var. “Zirə”, “Neftçi”, “Sumqayıt”a qarşı matçlarımız olacaq. Çox vacib qrafikdir. Ola bilər ki, arxayınlaşma hansısa futbolçuda görünməsin. Hətta bu gün də oyunun gedişatından tam razı deyildim. Bir az arxayınlıq var idi. İnsan bir az uğur əldə edəndə, arxayınlıq yaranır. Rəqiblər bunu bağışlamır. Bu oyunda özlərini toparlaya bildilər. Ən çox narahat olduğum məqamlardan biri budursa, digəri zədələrdir. Kevin Medinanın zədəsi gərgin oyunlarda daim iştirak etməsindən, yorğunluqdan irəli gəlir. Hava şəraiti və süni meydan amili də var. Həmin epizod təbii otda olsaydı, bəlkə də orqanizm daha rahat qəbul edərdi.  Bu iki detala görə narahatam. Onları da çalışıb aradan qaldırarıq”.

 

Qurban Qurbanov yeni mərkəz müdafiəçisinin transferinin mümkünlüyünü qeyd edib: “Sırf Medinaya görə deyil, ümumiyyətlə hər xətdə dəyişiklik etməyə, balansı daim qorumağa çalışırıq. Ola bilər ki, bir mərkəz müdafiəçisi gətirmək üçün addım ataq. 5-6 mərkəz müdafiəçimiz olsa da, bəzən ikisi ilə qalmışdıq. Milli komandaya gedirlər, yükləmələr çox olur, zədəlilər. Bu o demək deyil ki, heyətdəki mərkəz müdafiəçilərinə güvənmirəm. Daim mövqelər üzrə sağlam oyunçuların çox olması vacibdir”.

 

Baş məşqçi avrokubok oyunlarının süni meydanda keçirilməsi ilə bağlı fikirlərini açıqlayıb: “Süni örtükdə oynayan komandaların ev matçlarında üstünlüyü var. O komandalar daha çox alışır. Biz ayda, iki ayda bir dəfə həmin meydana çıxanda topu istədiyimiz kimi ram edə bilmirik. Hətta zədələnməkdən ehtiyatlanırıq. Süni və təbii örtük tam fərqlidir. UEFA-ya bununla bağlı hər hansı təklif verməzdim. Çünki həqiqətən həmin şəraiti də nəzərə almaq lazımdır. Soyuq ölkələrdə başqa cür alınmır. Çox ölkələr var ki, belə meydançalar var. Bizim kimi çox komandalar ora gedir. Düşünüb daha yaxşısını etmək lazımdır”.

Paylaş

// pop up