Qurban Qurbanov: “Çox vacib üç xal qazandıq”
Qurban Qurbanov: “Çox vacib üç xal qazandıq”
Misli Premyer Liqasının XX turunun “Kəpəz” – “Qarabağ” oyunundan (1:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Çox vacib üç xal qazandıq. Qarşımızda çox ciddi, istəkli, intizamlı komanda var idi. Belə geridönüşlər futbolçulara inam verir. Azarkeşlərə təşəkkür edirəm. Bəzi səfər matçlarında istəklərini yerinə yetirmək çətindir. Qəbələ, Gəncə, Tovuz səfərlərində sonadək dinamik oynamaq olmur. Futbolçular çox ciddi, diqqətli idilər. Bəzi texniki elementləri müzakirə edəcəyik”.
Baş məşqçimiz Yassin Benzia və Redon Cicanın zədələrinə də toxunub: “Məncə, Benzianın zədələndiyi epizodda qırmızı vərəqə idi. Amma paltardəyişmə otağında qapıçılarımız dedilər ki, orada qırmızı olmamalıdır. Benzianın durumu yaxşı deyil. Həkimlər başına tikiş vurdular. Çox sərt zərbə aldı. Sabah dəqiq durumu bəlli olar. Redon Cicanın ciddi bir problemi olmalı deyil. Yorğunluqdan əzələsində problem oldu. Sabah müayinədən sonra dəqiqləşəcək. Deməzdim ki, 17 xallıq üstünlük motivasiya verməyə təsir edir. Mənim tələblərim, proqramım olduğu kimi qalır. Futbolçular da bunu ürəklə yerinə yetirməyə çalışırlar”.
