Qurban Qurbanov: “Daha diqqətli olmalıyıq”

single-news
10 Noy 2023

Qurban Qurbanov: “Daha diqqətli olmalıyıq”



UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Bayer” oyunundan (0:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

"Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlbəttə ki, bu cür azarkeş qarşısında oynamaq çox xoş idi. Onlara da təşəkkür edirəm. Çox istəyərdik ki, bu gün bir xal qazanaq. Əfsuslar olsun ki, son dəqiqələrdə 11 metrlik cərimə zərbəsindən qol buraxdıq. Məncə, bu oyun komandaya həm təcrübə, həm dözümlülük baxımından çox şey qazandırdı. Yenə səbəb axtara, kimisə qınaya bilərik. Onun tərəfdarıyam ki, özümüz daha diqqətli olmalıyıq. Xüsusən də, belə komandalara qarşı. Təəssüf ki, məğlub olduq. Amma azarkeşlər 90 dəqiqə meydanda yaxşı mübarizə, yaxşı oyun gördülər. Bu cür komandanı, bu cür futbolçuları canlı gördülər. Belə oyunlar futbolumuzun inkişafına, sevilməsinə böyük fayda verir. İlk oyunla müqayisədə dəyişikliyə futbolçuların köməyi ilə nail olduq. Böyükhesablı məğlubiyyət mən qarışıq, futbolçulara da pis təsir etmişdi. Bu dəqiqə futbol elə səviyyəyə çatıb ki, istənilən matçda 4-5 qol problem deyil. Hər tur bunu görə bilirdik. Belə böyük hesablar hər turda olub. Amma bu gün futbolçular həqiqətən rəqibi analiz edəndə, çox diqqətli oldular, meydanda da çox intizamlı oynadılar. Çox səbirli oldular. Məncə, birlikdə, yaxşı kollektiv olaraq rəqibə qarşı intizamlı oyun qurduq”.

 

Qurban Qurbrnov məcburi dəyişikliklər, qapıçı Andrey Lunyovun zədəsi və penalti epizoduna da toxunub: “Müdafiə xəttində çox nadir hallarda dəyişiklik etməyi xoşlayıram. Əsas heyətdə dəyişikliyi özüm üçün düzgün saymıram. Çünki rəqibə qarşı ilk “11-lik”lə hazırlaşırdıq. Onlar tapşırığı daha yaxşı icra edirlər. Sonradan oyuna daxil olanlar bəzən uğurlu, bəzən uğursuz olur. Bu gün zədədən qayıdan Marko Veşoviç dəyişikliyi özü istədi. Elvin Cəfərquliyev də çox yorulmuşdu. O da özü istədi. İlk iki dəyişiklik düşündüyüm kimi olmadı. Maksim Medvedevi meydana buraxdıq. Üç mərkəz müdafiəçisi ilə oynadıq. Elvin və Veşoviçin çıxması bir az balansı pozdu. Ciddi bir şey də yox idi. Bir epizodda penalti verildi. Orada da bəlkə daha intizamlı oynamaq olardı. Oyunun gedişatına görə atılan addımlar idi. Penalti epizodunda belə qərarın verilib-verilməməsi barədə nə isə demək çətindir. Versələr də, daha çox düşünərdilər. Belə epizodlarda həmişə böyük klublara simpatiya daha çox olur. Referiyə bir az iradlarımı bildirdim. Epizoda da baxdım. Oyunçu topu görmürsə, nə etməlidir? Bilmirəm bizim lehimizə belə qərar verərdilər ya yox. Almaniyada olsaydı, 100 faiz verməyəcəkdilər. Belə penaltilər çox olur. Çox bəsit penaltilər verilməsinin tərəfdarı deyiləm. Hakimlər daha diqqətli olmalıdır. Qaydalardır, yəqin bundan çıxa bilmirlər. Maksim Medvedevə gəldikdə, müzakirə olunası bir şey yoxdur. Andrey Lunyovun dizində ciddi ağrı var. Çox ciddi zərbə olmuşdu. Oynaqlarında ağrı hiss edir. Ola bilər ki, bu barədə sabah ya birigün məlumat verək”.

 

Baş məşqçi Misli Premyer Liqası və avrokubok oyunlarındakı tamaşaçı sayında böyük fərqə də münasibət bildirib: “Çox təsir edir. Çox istəyərdik ki, milli çempionatımızda da daim bu qədər azarkeş sayı olsun. Çünki biz texniki, taktiki, fiziki tərəfdən futbolçunu hazırlaya bilərik. Amma futbolçuların bunu daha sürətli, düzgün icra etməsi üçün azarkeş kütləsi böyük köməkdir. Avropadakı komandaların oyunlarında dinamikanı qoruyub saxlamasına əsas səbəblərdən biri azarkeşlərdir. Biz azarkeş üçün oynayırıq. Bunun üzərində işləmək, daha çox azarkeşi stadiona cəlb etməyi fikirləşməliyik. Futbolu da sevdirməyi düşünməliyik. Klublar daxil olmaqla, futbola cavabdeh qurumlar, hamımız bu idman növünü ölkəmizə sevdirməliyik. Belə olmasa, çempionatlarımızda tribunalar boş qalacaq. Azarkeşsiz futbol futbola bənzəmir. Bəzən deyirlər ki, Azərbaycanda futbolu sevmirlər, azarkeş yoxdur. Xeyr, böyük azarkeşlərimiz var. Onlarla hansısa yollarla dil tapıb, matçlara cəlb etmək olar. Heç olmasa 10-15 min azarkeş olsa, inanın ki, hamımız daha məsuliyyətli olacağıq. Məğlubiyyətdən daha da qorxacağıq, ustalıq daha tez artacaq. Amma üç gündən sonra "Səbail"lə oyuna çıxacağıq, görək həmin qarşılaşmanı nə qədər azarkeş izləyəcək. Bu ab-havadan sonra orda çıxış etmək asan olmayacaq”.

Paylaş

// pop up