Qurban Qurbanov: “Futbolçular çox istəkli idilər”

single-news
23 Yan 2024

Qurban Qurbanov: “Futbolçular çox istəkli idilər”



Misli Premyer Liqasının XIX turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (3:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Hələ idman formalarına tam bərpa etməmələrinə baxmayaraq, çox intizamlı futbol nümayiş etdirdilər. Bu gün 90 dəqiqə eyni oyun tələb edə bilməzdik. Qalibiyyət üçün çox düzgün oynadılar. Futbolçular çox istəkli idilər. Qarşımızda dinamik, istəkli, sürətli futbolçulara malik komanda var idi. Vacib üç xal qazandıq. Oyun nizam-intizamını qoruyub saxlamaq çox önəmli idi. Belə havada futbolçulara asan deyildi. Azarkeşlərə təşəkkür edirəm ki, belə soyuq havada bizi tək qoymadılar”.

 

Baş məşqçi yeni transfer Aleksey İsayevin oyununa da toxunub: “Razı qaldım. Qısa müddətdə kollektivə, oyunuma uyğunlaşdı. Amma biz qarşıda daha dinamik, daha faydalı Aleksey görmək istəyirik. Bu potensial onda var. Ondan bunu tələb edəcəyik. İstəyirik ki, oyundan-oyunda daha yaxşı səviyyəyə çataq. Daha təmkinli, yaxşı oynamalıyıq ki, “Braqa” ilə qarşılaşmaya daha hazır olaq. Komandamı həmin görüşə fiziki baxımdan daha yaxşı səviyyədə çıxarmaq istəyirik”.

 

Qurbanov qış hazırlığının Bakıda keçirilməsinin təsirindən də danışıb: “Düşünürəm ki, bu yalnız müsbət təsir göstərdi. İlboyu futbolçular gərgin hazırlıq keçdilər. Avrokubok, çempionat matçlarının hər birində bizdən tələblər böyükdür. Qrupa düşmək, çıxmaq çox vacib idi. Futbolçularda psixoloji yorğunluq çox olur. Fiziki yorğunluğu tez bir zamanda aradan qaldırmaq olur. Bakıda qalmağımız məşqlərə gəlib, evə getmələri futbolçulara faydalı olduğunu düşünürəm. İnanıram ki, Bakıda qalmağın faydası çox olacaq”.

Paylaş

// pop up