Qurban Qurbanov: “Futbolçular qələbə üçün xeyli güc sərf etdilər”

single-news
11 May 2024

Qurban Qurbanov: “Futbolçular qələbə üçün xeyli güc sərf etdilər”



Misli Premyer Liqasının XXXIV turunun “Zirə” – “Qarabağ” oyunundan (0:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Bu gün çox bərk bir komandaya qarşı oynayırdıq. Meydanda yaxşı mübarizə aparan və birə-bir duellərdə uduzmayan rəqiblə qarşılaşırdıq. Heç də asan olmadı. Qalibiyyət əldə etdiyimizə baxmayaraq, futbolçular bu gün çox əziyyət çəkdilər. Tam öz oyunumuzu istədiyimiz kimi göstərə bilmədik. Amma futbolçular qələbə üçün xeyli güc sərf etdilər. “Zirə”yə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

 

Baş məşqçi qələbə qolunun müəllifi Juninyo barədə fikirlərini bildirib:  “Juninyonun oyununda yox, meydandakı hərəkətlərində bir az geriləmə var. Məşqçi olaraq bunu başa düşürəm. Bu matçlara motivasiya etmək istər-istəməz o qədər asan deyil. Biz nə qədər buna çalışsaq da, onlar özlərini motivasiya etməyi bacarmalıdırlar. Ola bilər ki, istədiyi kimi alınmır. Gələn mövsüm daha yaxşı Juninyo görmək istəyirik. Biz onunla birlikdə bunu bacaracağıq”.

 

Qurbanov zədəli oyunçuların durumuna da toxunub: “Zədəlilərlə bağlı gedişata baxacağıq. Marko Veşoviçin zədəsi daha ciddi görünür. Yassin Benzia ilə həkimlər 10-12 gün kənarda qalacağını deyirlər. Ayın 26-dakı matça hazır olmaq ehtimalı var. Andrey Lunyovun 4-5 günə sıraya dönəcəyi gözlənilir. Toral Bayramovun qabırğasında çat var. Bu gün risk etmədik”.

Paylaş

// pop up