Qurban Qurbanov: “Futbolçular  qələbə üçün yaxşı oyun göstərdilər”

single-news
10 Mar 2024

Qurban Qurbanov: “Futbolçular  qələbə üçün yaxşı oyun göstərdilər”



Misli Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Zirə” oyunundan (3:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Bəzi oyunçuların tempdən, ritmdən uzaq olmasına görə bir az narahat idim. Bu, meydanda hiss olundu. Futbolçular qələbə üçün yaxşı oyun göstərdilər, istəkli idilər. Bir az boşluqlarımız oldu, rəqibin 3-4 yüz faizlik qol epizodu yarandı. Maraqlı oyun oldu və vacib üç xal qazandıq”.

 

Baş məşqçi Kevin Medinanın meydana qayıdışı və zədəli futbolçular barədə fikirlərini açıqlayıb: “Kevin Medinanın yenidən yaşıl meydanlara dönməsinə sevinirik. Amma ağır idi, çətin alınırdı. Uyğunlaşmaq, öz optimal formasına qayıtmaq üçün bir az vaxt lazımdır. “Bayer”lə görüşdə lazım olsa, bilirik ki, Kevin var və meydana çıxa bilər. Bu, bizim üçün üstünlükdür. Yassin Benzianın durumu normaldır. Olavio Juninyo isə düşündüyümüzdən daha yaxşıdır. İlk günlərdən daha yaxşıdır. Hələ bir neçə gün var. Ola bilər ki, əsas heyətdə olmasa da, sonradan meydana çıxmaq şansı var”.

 

Qurbanov Avropa Liqasının “Bayer”lə görüşü və hazırlıq barədə danışıb: “Fikrimizi tam bu oyuna kökləməliyik. İstənilən qələbə bizim üçün üstünlük, Azərbaycan futbolu üçün sevinc, irəliləyişdir. Sağlam futbolçuların çox olması, üstünlükdür, istənilən rotasiyanı etmək imkanı verir. Matçlara daha yaxşı hazırlaşmaq olur. Sadəcə, çalışacağıq ki, daha intizamlı oynayaq. Rəqib çox istəkli komandadır. Öz doğma azarkeşləri önündə oynayacaq. Temp Bakıdakı ilə müqayisədə daha yüksək ola bilər. Buna hazırlaşmalıyıq”.

Paylaş