Qurban Qurbanov: “Futbolçularım istəkli idilər”

Qurban Qurbanov: “Futbolçularım istəkli idilər”
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Səbail” – “Qarabağ” matçından (0:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Çox yaxşı komandaya qalib gəldik. Futbolçularımı təbrik edirəm. İkinci hissədəki dəyişikliklər rəqibin oyun sürətini artırdı. Topa o qədər də çox sahib olmaq asan deyildi. Hava şəraiti və meydança amili var idi. Futbolçularım istəkli idilər. Cavab oyunu daha gərgin keçə bilər. Belə soyuq havada stadionda olan hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.
Qurban Qurbanov Kadi Borgesin komandaya qayıtması, Julio Romaonun getməsinə də münasibət bildirib: “Kadi Borgesi heyətə qatmaq şansı yarandı, biz də istifadə etdik. Həmin komandadan Julio Romaoya bir neçə dəfə təklif gəlmişdi. Belə variant təklif etdilər və razılaşdıq. Kadi lazımlı oyunçudur. Onun gəlməsi xoşdur, hamı tanıyır, hamı sevir. Hər gedən futbolçunun getməsinə üzülürəm. İstərdim ki, Romao da qalsın. Amma son vaxtlar çox təkliflər alıb. Futbolçunu saxlamaq asan olmur. Kadi məsələsi alınmasaydı, bəlkə də razılaşmazdıq. Julionun getməsinə üzülürəm, Kadinin gəlməsinə sevinirəm”.