Qurban Qurbanov: “Futbolçuların buna potensialı var”

single-news
30 Yan 2024

Qurban Qurbanov: “Futbolçuların buna potensialı var”



Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Sabah” – “Qarabağ” matçından (1:7) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

“Oyunun sonuna qədər dinamikanı qoruyub saxladıqları üçün futbolçularıma təşəkkür edirəm. Qarşımızda çox istəkli komanda olsa da, yaxşı oyun nizam-intizamı var idi. Bugünkü matçda bizim üstünlüyümüz bəlkə də etdiyimiz rotasiyalarda idi. Komandamız əvvəlki görüşümüzdən sonrakı üçüncü gündə meydana çıxmışdı. Qəbələdə “Kəpəz”ə qarşı matçda rotasiyalar etmişdik. Bu gün hazır futbolçularımızın sayı rəqiblə müqayisədə daha çox idi. “Sabah”ın daha yorğun görünməyi hiss olunurdu. Bu komanda məğlub olmağı sevmir. Hətta 4-5 qol buraxandan sonra da qapımızda epizodlar yaratdılar, geri oturmadılar, üzərimizə gəldilər. Bu da komandanın cəsarətindən irəli gəlir. Futbolçularımı təbrik edirəm”.

 

Baş məşqçi ayrı-ayrı futbolçularla bağlı suallara da aydınlıq gətirib: “Aleksey İsayevin transferi zamanı razılaşmışdıq ki, kubok görüşlərində əvvəlki komandasına qarşı oynamasın. Biz də bu razılığa əməl etdik. İstənilən çempionatda, böyük oyunlarda belə nəticələr olur. Biz buna görə arxayınlaşmamalıyıq, oyunumuzu yaxşılaşdırmağa çalışmalıyıq. Tempi 90 dəqiqə qorumağa çalışırıq və bəzən rəqib buna məcbur edir. Qapalı komandalara qarşı heç də asan deyil. Sevindirici odur ki, futbolçular da tempi saxlaya bilirlər. Bu gün çempionatı düşünürük, qarşıda isə “Braqa” ilə matç var. Komandamdan daha artığını gözləyirəm. Futbolçuların buna potensialı var. Abdullah Zubir solda oynasa da, ondan “10 nömrə” kimi də istifadə edirik. Bu gün ustalığı, təcrübəsi yaxşı idi. Mateus Silvanın mərkəz müdafiəçisi kimi oynaya bilməsi haqda bugünkü qarşılaşmaya əsasən danışmaq olmaz. Onda belə qabiliyyət var. O, bu mövqeyə variantlardan biridir. Adama Diakabinin mikrozədələri çox olurdu. Qış fasiləsindən sonra yaxşı vəziyyətdə qayıdıb. Hiss olunur ki, formasını yaxşılaşdırır. Bu tempdə davam etsə, daha faydalı olar. Onun özü də futbola tam qayıdar”.

Paylaş

// pop up