Qurban Qurbanov: “Futbolçuların xarakter göstərmələri çox vacibdir”
Qurban Qurbanov: “Futbolçuların xarakter göstərmələri çox vacibdir”
Baş məşqçi çempionatda izləyiciləri ilə xal fərqinin artması barədə də danışıb: “Özümüzü digər komandalardan ayırmaq istəmərik. Çünki hamımız Azərbaycan futbolu üçün bu turniri keçiririk. Bu gün biz uğurluyuq, ola bilər sabah digərləri olsun. Çempionatın əvvəlində və ikinci dövrənin başlanğıcında bizim böyük xal itkilərimiz oldu. Rəqiblər bizi daha yaxından tanıyırlar. Bizim üçün asan deyil. İstənilən nəticə də ola bilər. Daha da məsuliyyətli olmalıyıq. Xankəndidə keçiriləcək kubok matçını səbirsizliklə gözləyirik. Matça çox ciddi hazırlaşırıq. Mövsümün ilk yarısının sonudur. Futbolçular 30-31 oyun keçiriblər. Millidə olanlar əlavə 3-5 matça çıxıblar. Bu, yorğunluq, gərginlik yaradıb. Sanki gücümüz bir az azalıb. Çalışacağıq ki, futbolçular həm kubok həm çempionat matçına motivasiya ilə hazırlaşsınlar”.
Mütəxəssis qış hazırlıq planını da açıqlayıb: “Hazırlıq planımız hazırdır. Çox az vaxtımız var. Yanvarın 5-dən Bakıda olacağıq. Çempionat başlayana qədər bir yerdə hazırlıq keçək. Çünki sonra yenə sıx qrafikdə oynayacağıq. Buna hazır olmalıyıq. Ona görə istədim ki, Bakıda hazırlaşaq, fikrimiz başqa yerdə olmasın. Gələn il daha yaxşı olmağa çalışmalıyıq. Çünki rəqiblər bizə çox ciddi yanaşırlar. Çox yoxlama oyunu keçirməyə vaxt yoxdur. İlk planımız futbolçuları bərpa etməkdir. Ciddi rəqib olmalıdır və ikitərəfli oyun keçirəcəyik”.