Qurban Qurbanov: “Gərgin matç oldu”

single-news
28 Avq 2025

Qurban Qurbanov: “Gərgin matç oldu”



Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Ferensvaroş” matçından (2:3) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis görüş və turnirin Liqa mərhələsinə vəsiqə qazanılmasına münasibət bildirib:

 

"Futbolçularımı təbrik edirəm. Çox gərgin oyunla, böyük məsuliyyətlə Çempionlar Liqasının əsas mərhələsinə düşə bildilər. Hər birini yenidən daha böyük futbol, daha böyük oyunlar üçün təbrik edirəm. Cənab prezident də bizi rəsmi təbrik edib. Mən də onu təbrik etmək istəyirəm. Bizim kimi o da neçə ildir Azərbaycanı böyük turnirdə görməyi gözləyirdi. Başda Cənab prezident olmaqla, bütün ailəsini təbrik edirəm. Məsuliyyətimiz daha da artdı. Gərgin matç oldu. Bu gün stadionumuz tam başqa idi. Bəlkə çoxdan bu cür atmosfer görməmişdim. Onlar da bizim qədər gərgin idi. Onlara təşəkkür edirəm. Bəlkə də ən çox haqq edən onlar idi. Belə qələbəni istəyirdilər. Belə böyük oyunlar soyuqqanlılıq tələb edir. İstək çox olsa, futbolçular "yana" bilərlər. Daha çox cəsarət, ağıl tələb etmişəm. Həm cəsarətli, həm ağıllı olmaq daim vacibdir”.

 

Qurban Qurbanov Liqa mərhələsi barədə də danışıb: “Liqa mərhələsindəki hədəf haqda düşünməmişəm. Hədəfimiz ora düşmək idi. Püşk atılsın, fikir bildirərik. Belə oyunlarla ölkədə futbola inamı daha da artırır. Futbolçular daha da böyüyür. Çox böyük təcrübədir. Hər bir futbolçunun arzusu ən böyük turnirdə iştirakdır. Ən azı 3-4 böyük klubla qarşılaşacağıq və onların 1-2-ni Bakıda görəcəklər. Bu da futbolun sevilməsi üçün böyük addımdır”.

Paylaş

// pop up