Qurban Qurbanov: “Heç bir rəqibə fərq qoymuruq”

single-news
17 Sen 2023

Qurban Qurbanov: “Heç bir rəqibə fərq qoymuruq”



Misli Premyer Liqasının VI turunun “Qarabağ” – “Sabah” oyunundan (2:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 51 yaşlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

“Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib oyun idi. Həm nəticə baxımından, həm bir xeyli vaxt milli komandaların oyunları ilə əlaqədar bir yerdə olmayan futbolçuların bir-birini tamamlaması çox vacib idi. Oyunçular özlərini tam yaxşı tərəfdən göstərdilər. Futbolçuların fikrinin sona kimi oyunda olması vacib idi. “Sabah”a uğurlar arzulayıram. Bizim qarşımızda çox intizamlı komanda var idi. Bu komandaya qarşı oynamaq heç də asan deyil. “Sabah”a qarşı qalibiyyət bizim üçün böyük nəticədir. Ümumiyyətlə, son vaxtlar çox dəyişik bir çempionat izləyirik. Amma biz heç bir rəqibə fərq qoymuruq. Bütün rəqiblərin gücü bəllidir. Hər tur istənilən nəticə ola bilər”.

Qurbanov heyətdəki zədəlilər və bugünkü matçda xəsarət alan Bəhlul Mustafazadənin durumuna da toxunub: “Çox sıx qrafikimiz var. Futbolçuları həm fiziki, həm psixoloji hazırlamağa nə qədər çalışsaq da, çətindir. Həddindən artıq çox rotasiyalar edirik. Bəzi oyunçuları ümumiyyətlə meydana buraxmırıq. Onları qoruyub saxlayırıq. Belə qrafikdə ilk dəfə deyil çalışırıq. Bu dəfə zədəlilərimiz oldu. Patrik Andrade, Bədavi Hüseynov, Marko Veşoviçin hər biri əsas oyunçularımızdandır. Bu üç itki həm Avropada, həm milli çempionatda böyük zərbədir. Abbas Hüseynov da böyük itkidir. Qarşıdakı oyunlarda daha ciddi olmalı, rəqiblərə daha ciddi yanaşmalıyıq. Bəhlul Mustafazadənin zədə ilə bağlı ağrısı var. Ciddi problem olmamalıdır. Zərbə sinir nöqtəsinə dəyib. Sabah tam müayinədən sonra dəqiq fikir bildirə bilərik”.

Təcrübəli mütəxəssis transfer planları barədə də danışıb: “Ola bilər qış aylarına qədər transferlər bitib. Biz indi ancaq azad agent statusu olan futbolçuları götürə bilərik. Onun da hansı formada olacağı böyük sual altındadır. Ona görə ola bilər ki, dekabra qədər transferimiz olmasın. Amma olmasını çox istərdim. Həddən artıq çox axtarışda idik. Həm hücum, həm orta sahə, həm müdafiə üçün istəyirdik ki, hər xətdə bir oyunçu əlavə olunsun. Başqa planımız yoxdur. Qış aylarını gözləyəcəyik. Ona qədər dəyişiklik etmək üçün axtarışda olacağıq”.

Paylaş