Qurban Qurbanov: “Həddindən artıq soyuqqanlı olmalıyıq”
Qurban Qurbanov: “Həddindən artıq soyuqqanlı olmalıyıq”
Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Ferensvaroş” (Macarıstan) oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və müdafiəçi Bəhlul Mustafazadənin iştirakı ilə mətbuat konfransı keçirilib. Onlar sabah baş tutacaq qarşılaşma haqda fikirlərini bildiriblər.
Qurban Qurbanov ilk görüşdəki 3:1 hesablı qələbəyə baxmayaraq, bu dəfə daha ciddi olacaqlarını söyləyib: “Hamımız oyunun önəmli olduğunu bilirik. Vacib matçdır. Amma həddindən artıq soyuqqanlı olmalıyıq. Çox yaxşı rəqibə qarşı oynayırıq. İlk görüşdəki nəticə bizim bir az üstünlüyümüzü göstərir. Amma qətiyyən səfərdəki qarşılaşmanı düşünməli deyilik. “Ferensvaroş” çox təhlükəli rəqibdir, özünə xas oyun üslubu var. Rəqibin daha çox riskə gedəcəyini düşünürük. Buna hazır olmalıyıq. Çalışacağıq ki, oyundan qopmayaq, sona kimi soyuqqanlı davranaq, uğurlu nəticə üçün əlimizdən gələni edək”.
Bəhlul Mustafazadə isə oyunun mahiyyətinin fərqində olduqlarını deyib: “Hazırlıqlarımızı buna uyğun tamamlamışıq. Sabah bizi ilk matçdan da çətin oyun gözləyir. Amma görüşə hazırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə əldə edək. Oyuna daha sakit yanaşırıq, soyuqqanlı olmağa çalışacağıq”.
