Qurban Qurbanov: “Hər iki komanda istəkli idi”

single-news
9 Okt 2023

Qurban Qurbanov: “Hər iki komanda istəkli idi”



Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyunundan (0:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Azarkeşlərə yaxşı oyun göstərdiklərinə görə hər iki komandaya, futbolçulara təşəkkür edirəm. Meydanın hər yerində gərgin mübarizə oldu. Hər iki komanda qalıb gəlmək üçün istəkli idi. Futbolçularıma təşəkkür edirəm ki, xarakter göstərdilər, oyundan qopmadılar, qalibiyyət üçün fikirləri matçda oldu. Bizim üçün çox vacib oyun idi. İstəyirdik ki, son aydakı mikrotsikli qələbə ilə başa vuraq. Bu stadionda oynamaq mənim üçün, futbolçular üçün, hər komanda çün xoşdur. Burada həmişə yaxşı atmosfer olur. Ələlxüsus da “Neftçi” ilə “Qarabağ”ın oyunlarında. Azarkeşlərə bu cür ab-hava üçün təşəkkür edir, hər iki komandaya uğurlar arzulayıram”.

 

Qurbanov üç gün əvvəlki UEFA Avropa Liqasının “Hekken”lə matçından sonra komandadakı yorğunluqdan danışıb: “Futbolçularda bir az yorğunluğun olacağını düşünürdük. İlk dəqiqələrdən bəzi oyunçulara çətin idi. Dəqiqələr keçdikcə daha rahat oynamağa başladılar. Hətta “Hekken”lə qarşılaşmadan sonra bərpa  üçün 3 sutka da keçməmişdi. Narahatçılığım da var idi. Həmin matçı Bakıda oynasaydıq, bəlkə də daha rahat olardı. Belə matçlarda mütləq idman xarakteri lazım idi. Futbolçular dinamikanı sona qədər saxlaya bildi. Bir az sona yaxın oyun baxımlı olmadı”.

 

Baş məşqçi heyətdəki daimi rotasiyaları avrokubok matçları və zədələrlə izah edib: “Avrokubok matçlarında futbolçular iki dəfə çox güc sərf edir, daha çox yorulur. Son görüşdə Bədavi Hüseynov zədələndi. Bu gün Juninyonun oynaması da riskli idi, Yassin Benziada ağrılar olduğu üçün “23-lüy”ə daxil etmədik. 5 mərkəz müdafiəçimizdən ikisi sağlam, digərləri zədəlidir. Marko Veşoviçlə Abbas Hüseynov da onlar kimidirlər. Bunlar işimizə mane olan səbəblərdir. Bu üzdən belə rotasiyalar oldu. Bu, həm mən, həm də futbolçular üçün təcrübədir”.

 

Qurbanov Leandro Andrade və Julio Romaoya verilən sarı vərəqələr, zədəli futbolçuların durumu və hücum xəttində yaranan rəqabətə də toxunub: “Onlara yersiz sarı vərəqə verdilər. Futbolçular bir az sakit olmalıdırlar, özlərini intizamlı aparmalıdırlar. Amma belə epizodlarda hər ikisinə eyni cəza bir az ağır olur. Azarkeş belə derbilərdə mübarizə istəyir. Heç birini verməsəydi, daha yaxşı olardı. Bəhlul Mustafazadə dünən yüngül qaçışa başlayıb. Sınıq idi, tez bərpa olmayacaq. Bədavi Hüseynovda birinci dərəcəli dartılmadır. On gün komanda ilə olmayacaq. Hər oyunçunun qollarını vurmasına sevinirəm. Sağlam kollektivimiz var. Redon Cica qol vuranda onu ən çox təbrik edən Juninyo oldu”.

Paylaş

// pop up