Qurban QURBANOV: “Hər şey öz əlimizdədir” (14-05-2009, livesport.az)
Qurban QURBANOV: “Hər şey öz əlimizdədir” (14-05-2009, livesport.az)
|
"Qarabağ" Avropa kuboklarının bir addımlığındadır. İki oyunda qazanılacaq bir qələbə komandaya qitəmiqyaslı turnirdə iştirak etmək imkanı verəcək. Amma Ağdam klubu həm "Karvan", həm də "İnter" üzərində qələbə qazanmaqla mövsümü major notda bitirməyi planlaşdırır. Üç ildən sonra kubokun finalına yüksələn ağdamlılar növbəti dəfə baş mükafata sahib çıxmaq niyyətindədirlər. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov LIVESPORT.az saytına verdiyi müsahibədə qarşıdakı iki oyun barəsində ətraflı danışdı.
- "Qarabağ"ı Avropa kuboklarına aparan iki oyun var. "Karvan" və "İnter"lə görüşə hazırsınızmı?
- Komandada hər şey qaydasındadır. Son oyunlarımızı uğurlu keçirdiyimizdən futbolçuların əhval-ruhiyyəsi yüksəkdir. Qarşıda bizi daha iki vacib matç gözləyir. Ona görə də bu görüşlərə tam məsuliyyətlə və ciddi hazırlaşırıq. İlk növbədə "Karvan"ı məğlub etmək haqqında düşünürük. Bu qələbə "Qarabağ"a Avropa kuboklarında iştirak etmək hüququ verəcək.
- Heyətlə bağlı hər hansı narahatçılıq varmı?
- Xeyr. Şükür olsun ki, hər şey qaydasındadır. Yalnız Zaur Həşimovun yüngül zədəsi var. O, fərdi məşqlərlə kifayətlənir.
- Qurban müəllim, sizin üçün "Karvan", yoxsa "İnter"lə matç daha əhəmiyyətlidir?
- Mənim üçün hər iki oyun böyük önəm daşıyır. Kubokun finalı bir oyundan ibarətdir. Həmin görüşdə nə baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Ona görə də, biz əvvəlcə "Karvan" səddini aşmalıyıq. Belə ki, hər şey öz əlimizdədir: həm dördüncü yeri tutmaq, həm də kuboku qazanmaq arzusundayıq.
- Birinci dövrədə "Karvan"ı məğlubiyyətə uğratmısınız. Amma səfərdə işiniz asan olmayacaq...
- Bəli, "Karvan" güclü rəqibdir. Həmin oyunda qazanılan bir xal da bizi qane etməyə bilər. Odur ki, mütləq qələbə qazanmalıyıq. Çünki "Xəzər-Lənkəran" "Simurq"a qalib gələcəyi təqdirdə 4-cü pilləyə yüksələcək. Bu, "Qarabağ"a sərf etmir. Belə olduqda bütün suallar "İnter"lə oyunda öz həllini tapacaq.
- "Qarabağ" son dövrlərdə uğurlu çıxışı ilə yadda qaldı. Komandanın Quzanlıya qayıtması bu amildə nə dərəcədə rol oynadı?
- Ümumilikdə götürsək, uğurlarımızda Quzanlıda meydana çıxmağımız müəyyən rol oynadı. Amma futbolda qarşısına yüksək hədəflər qoyan komandalar üçün meydan amili böyük əhəmiyyət kəsb etməli deyil. Biz "Qarabağ"ın azarkeşlərini sevindirmək üçün ev oyunlarımızı Ağdamda keçirmək qərarına gəldik. Əsas məqsədimiz onlara futbol bayramı sevincini yaşatmaq idi. Hər bir futbolçunun üzərində böyük məsuliyyət düşürdü. Onlar böyük futbolun 16 ildən sonra Ağdama qayıtdığını yaxşı başa düşürdülər. Sevindiricidir ki, nəticələr də yaxşı oldu. Bizi dəstəkləyən çoxsaylı fanatlarımıza təşəkkür edirəm.
- "Qarabağ" mövsüm ərzində qeyri-sabit qrafik cızdı. Bunu nə ilə əlaqələndirərdiniz?
- Bu cür hadisələrlə hər bir komanda qarşılaşa bilər. "Qarabağ"da da müəyyən məqamlarda uğursuz dövrlər baş verdi. Amma əsas odur ki, mövsümün finiş xəttində komanda yüksəliş dövrünü yaşadı. Həlledici anlarda futbolçuların uğurlu çıxış etməsi nəticələrin qazanılmasında böyük rol oynadı.
- Komanda Avropa Liqasına vəsiqə qazansa, heyət gücləndiriləcəkmi?
- Mövsümün sonunda klubların transfer bazarında fəallıq göstərməsi normal haldır. Əlbəttə, dəyişikliklər olacaq. Düzünü desəm, hazırda bu istiqamətdə heç bir fəaliyyətimiz yoxdur. Bütün diqqətimizi qarşıdakı iki matça yönəltməyə çalışırıq.
- Bəs, növbəti mövsüm üçün konkret gözaltı etdiyiniz futbolçular varmı?
- Premyer Liqada çıxış edən klubların oyunlarını yaxından izləyirəm. Perspektivli futbolçular haqqında informasiya toplamağa çalışıram. Mövsüm başa çatdıqdan sonra bu barədə danışmaq mümkün olacaq.
- Vaxtilə "Neftçi" ilə Avropa kuboklarında iştirak etmisiniz. "Rid"lə oyunlardan nəticə çıxarmısınızmı?
- Oyundan oyuna hər bir məşqçinin təcrübəsi artır. Beynəlxalq matçlarda nə qədər çox iştirak etsək, bu, bizə bir o qədər kömək olar. O vaxt "Neftçi" ilə "Rid" səddini aşmağa çox yaxın idik. Amma son anlarda buraxılan qol rəqibin işinə yaradı. Ümid edirəm ki, "Qarabağ"la Avropa Liqasına vəsiqə əldə edəcəm və komandaya uğur qazandıracam.
- Kubokun finalında qarşılaşacağınız "İnter"də fəalliyyət göstərmisiniz. Bu mövsüm rəqib komandaya qarşı keçirdiyiniz hər iki oyunda məğlub olmamasınız. Bu, rəqibə yaxşı bələd olmaqdan irəli gəlir?
- "İnter" ötən mövsümün çempionudur. Onların hələ titulu qorumaq şansları var və kubokun finalına yüksəliblər. Nəticələr komandanın gücündən xəbər verir. "İnter" özünəməxsus oyunu ilə seçilən rəqibdir. Premyer Liqada ona qarşı keçirdiyimiz hər iki oyun heç-heçə başa çatıb. Amma kubokun finalında biz qələbə qazanmalıyıq. Çünki heç-heçəyə ümid etmək ağır fəsadlara yol aça bilər.
Rəqibi tanımağıma gəlincə, çoxdan bu klubdan ayrılmışam. Məndən sonra komandada çox dəyişiklikər baş verib. Təcrübəli məşqçi və futbolçulara sahib "İnter"ə qarşı oynamaq həmişə çətin olub. Bununla belə, finalda qələbə qazanaraq, kuboka sahib çıxacağımıza inanıram. |