Qurban Qurbanov: “İddiamızdan əl çəkmirik”

single-news
9 Yan 2026

Qurban Qurbanov: “İddiamızdan əl çəkmirik”



Komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis mövsümün ikinci yarısına hazırlıqla bağlı fikirlərini bildirib:

 

“Futbolçularımın istirahət üçün az vaxtı olmadı. Yaxşı istirahət ediblər, pis geri qayıtmayıblar. Həvəslə məşq edirlər. Qarşımızdakı rəqiblər ciddi komandalardır. İlk yoxlama görüşündə böyük ehtimalla hər futbolçu bir hissə oynayacaq. Amma ikinci matçda 90 dəqiqə oynatmaq nəzərdə tutulub. Futbolçuların hazırlığına baxacağıq. Elə də böyük vaxt itirməmişik. Hazırlıq planımızda problem olmayacaq. 20 gün idman formasını itirmək üçün ciddi vaxt deyil”.

 

Baş məşqçi transfer danışıqlarının davam etdirildiyini açıqlayıb: “Hər mövqe üçün danışıqlar aparırıq. Hazırda ən çox iş saatı ayırdığımız tərəf futbolçu transferi ilə bağlıdır. Xeyli sayda futbolçuya baxırıq, danışıq aparırıq. Son vaxtlar, ümumiyyətlə, dayanmırıq. Görək danışıqlar hansı səviyyədə olacaq. Çox istəyirik ki, komandada bəzi mövqelərdə oyunçu sayını artıraq. Çünki keçən il çox güc sərf etdik. Əgər ilboyu belə davam edərsə, futbolçuların gücü, psixoloji hazırlığı çatmaz”.

 

Qurban Qurbanov Misli Premyer Liqasında çempionluq uğrunda mübarizəni davam etdirəcəklərini vurğulayıb: “Çempionatda iddiamızdan əl çəkmirik. Çempion olmaq üçün şansımız varsa, sona qədər mübarizə aparacağıq. Heç bir kluba deyilmir ki, mütləq hər il çempion olmalısan. Futbolda belə qanun yoxdur. O demək deyil ki, əgər bu il “Qarabağ” və ya “Real” çempion olmadısa, gələn il iddiasından əl çəkəcək. Sadəcə daha ciddi, diqqətli olmalıyıq. Çünki çox gərgin çempionat keçir, iddialı rəqiblər var. Buna ancaq sevinirik”.

Paylaş

// pop up