Qurban Qurbanov: “İki fərqli hissə oldu”

single-news
28 Fev 2024

Qurban Qurbanov: “İki fərqli hissə oldu”



Misli Premyer Liqasının XXIII turundan təxirə salınmış “Qəbələ” – “Qarabağ” oyunundan (0:4) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Demək olar ki, iki fərqli hissə oldu. Çox yaxşı baş məşqçiyə qarşı oynayırdıq. 5-4-1 sistemini çox düzgün və aktiv yerinə yetirən komanda ilə qarşılaşdıq. İlk hissə bizə heç də asan olmadı. Ikinci hissədə erkən qol vurduq və qırmızı vərəqə də işimizə yaradı. Kaxaber Tsxadadzeyə də uğurlar arzulayıram. Düşünürəm ki, ona qarşı oynamaq hamı üçün maraqlı və gərgin olacaq. Onu görmək xoş oldu. Həmişə onun komandasına qarşı hazırlığa daha çox vaxt sərf etmişəm. Bu soyuqda bizimlə olan azarkeşlərə təşəkkür edirəm”.

 

Baş məşqçi futbolçulardakı yorğunluqdan danışıb: “Futbolçuların durumuna görə çox ehtiyat edirdik. “Braqa” ilə 120 dəqiqədən sonra futbolçularda yorğunluq çox idi. Bəzi futbolçuları bu gün meydana buraxmaq istəmirdim. İnanıram ki, “Neftçi” və sonrakı görüşə tam hazır olacaqlar. Təcrübəm onu deyir ki, gənc futbolçuların “Qarabağ”da oynaması onların inkişafının xeyrinədir. Bu gün Avropaya getməkləri tezdir. Onların inkişafı dayana bilər. 2-3 il burda qalmaqları, sonra getmələri daha uyğun olar”.

Paylaş