Qurban Qurbanov: “İstərdim ki, tam heyət meydanda olsun”
Qurban Qurbanov: “İstərdim ki, tam heyət meydanda olsun”
Misli Premyer Liqasının X turunun “Turan Tovuz” – “Qarabağ” oyunundan (2:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
“Turan Tovuz”u, baş məşqçisi Ayxan Abbasovu təbrik edirəm, sonda bir xal əldə etdilər. Öz oyunumuzdan razı qalmadım. Hesaba görə deyil, həm də komanda oyun ritmini itirmişdi. Milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində bu ritmdə düşmə var idi. Bu gün bunu tam hiss etdim. Matçın sonlarında sanki qələbə qazanmışdıq, amma bir cərimə zərbəsi qolla nəticələndi. İstənilən halda, xallarımızın üzərinə biri də əlavə olundu. İtkilərimiz də var idi. Çox istərdim ki, tam heyət meydanda olsun. Əfsuslar olsun ki, fasilə öncəsi yorğunluq çox oldu. Öz futbolçularımız burada, legionerlər öz yığmalarında oynadılar. Üç gün əvvəl – ayın 17-də meydana çıxıblar. Hətta Marko Yankoviç zədələnib və böyük ehtimalla bir neçə həftə, bəlkə də üç həftə olmayacaq. Rəqibi yaxşı mübarizə apardığı üçün təbrik edirəm”.
Qurbanov buraxılan ilk qolu diqqətsizliklə əlaqələndirib: “Bu stadionda iki qol vurmaq heç də asan deyil. İki qol vurduq, qələbə üçün bəs etmədi. Üçüncü qol lazım idi. Son vaxtlar çempionatda nadir hallarda iki top buraxırıq. Bilirik ki, “Turan Tovuz” standart vəziyyətlərdə çox təhlükəlidir. Onlar künc zərbələri, cərimə zərbələri ilə çox matçlarda qalib gəliblər. Bu gün hər kəs haqq etdiyini qazandı. Buraxılan ilk qolda diqqətsizlik oldu. İkinci hissənin əvvəlində belə qol buraxmaq müdafiədəki diqqətsizlikdir”.
Baş məşqçi UEFA Avropa Liqasının “Bayer”lə oyunu barədə fikirlərini də bildirib: “Bayer” təkcə adı, çıxış etdiyi çempionata görə deyil, həm də oyunu ilə ciddi rəqibdir. Çox istərdim ki, bütün futbolçularım sağlam olsun. Amma əfsuslar olsun ki, tam heyəti formalaşdıra bilməyəcəyəm. Bəzi gedişatları düşünməli olacam. Yaxşı oyun göstərməyə, yaxşı mübarizə aparmağa çalışacağıq”.