Qurban Qurbanov: “Meydanda xalqın layiqli komandası var idi”
Qurban Qurbanov: “Meydanda xalqın layiqli komandası var idi”
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Braqa” matçından (2:3) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis iki oyunun yekununda 1/8 finala adlayan komandamızın tarixi uğurunu dəyərləndirib:
“Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Bir azərbaycanlı kimi birliyimizi görəndə çox sevinirəm. Xalqımı çox sevirəm və həmişə xoş gününü görmək istəyirəm. Son vaxtlar güclü Azərbaycan xalqı var. 44 günlük müharibədən sonra Ali Baş Komandanımızın bir yumruq kimi möhkəm olmaq kimi çıxışları olurdu. Müharibədən sonra daha möhkəm olmuşuq. Bu, mənə böyük motivasiya verir. Bu gün meydanda xalqın layiqli komandası var idi. Bu gün sanki meydanda döyüş var idi. Başda prezidentimiz olmaqla, qazilərimizi, müharibə veteranlarını təbrik edirəm. Xankəndidə oyun keçirdiyimiz gün əvəzolunmaz idi. Bugünkü qalibiyyət orada görülən işlərin nəticəsidir. Futbolçuların rəqibdən çəkinməmələrində Zəfərimizin böyük rolu oldu. Onlar müharibə ilə çox maraqlanırdılar. Qələbəni də başda cənab Prezident olmaqla bütün xalqımıza, millətimizə həsr edirik”.
Baş məşqçi Bakıdakı görüşdə son qolu vuran Nəriman Axundzadə və Elvin Cəfəquliyevə göstərilən qırmızı vərəqə haqda fikirlərini bildirib: “Əgər bir insan məsuliyyətlidirsə, böyümək şansı çoxdur. Səfərdəki oyundan sonra Nəriman ağlayırdı. Bütün futbolçular ona təsəlli verirdi. Məşqlərdə üzərində çalışırdı, bazadan çıxmırdı. Allah onun əvəzini verdi. Məncə, belə oyunlarda 3-5 dəqiqə ərzində iki sarı vərəqə vermək artıq olar, komandanı ruhdan sala bilər. Bunların bizə faydası var. Futbolçu dözümlü, hər problemə hazır olmalıdır”.
Qurbanov komandanın əzmkarlığını xüsusi qeyd edib: “Əzmkarlıq və xarakter həlledici oldu. 90 dəqiqədən sonrakı qısa fasilədə futbolçulara geri çəkilməməli olduğumuzu dedim. Hər şey 10 nəfərlə qaldıqdan sonra yaşandı. Ona qədər üstünlük bizdə idi, real qol epizodları yox idi. Futbol elədir ki, bəzən düşünmədiyimiz epizodlar yaranır. Sona qədər inanmaq və nəticə üçün oynamaq lazımdır”.