Qurban Qurbanov: “Mübarizəli oyun göstərməyə çalışacağıq”

single-news
6 Mar 2024

Qurban Qurbanov: “Mübarizəli oyun göstərməyə çalışacağıq”



UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Bayer” matçından əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və futbolçusu Bədavi Hüseynovun mətbuat konfransı təşkil olunub. Təcrübəli mütəxəssis Almaniya klubu ilə görüş haqda fikirlərini açıqlayıb:

 

“Həqiqətən çox vacib oyundur. Hiss edirik, oxuyuruq və görürük ki, bizə çox böyük dəstək var. Bakıda futbol abu-havasıdır. Bizim üçün məsuliyyətli matçdır. Rəqib Almaniya Bundesliqasının lideridir, çox yaxşı məşqçi korpusu var. Bacarıqlı və keyfiyyətli iş quran klubdur. Belə komandalardan həm oyun, həm də struktur baxımından böyük təcrübə yığırıq. Qarşılaşmaya pis hazırlaşmamışıq. İnanıram ki, futbolçularım sabah özlərinin ən yaxşı oyunu göstərəcəklər. Bilirlər ki, çox dinamik, sürətli çox yaxşı komandaya qarşı oynayacaqlar. Təkcə fiziki güc yox, 90 dəqiqə oyunda olmaq, düşünmək çox vacib olacaq. İnanıram ki, stadion tam dolacaq və azarkeşlərimiz üçün maraqlı, mübarizəli oyun göstərməyə çalışacağıq”.

 

Qurbanov iki ölkə futbolu arasındakı fərqə də toxunub: “⁠Demək olar ki, son vaxtlar fərqi həmişə nəzərə almışıq. Amma çox dərindən düşünməmişik. Biz sadəcə qarşımızdakı rəqibə qarşı necə qurmalıyıq, buna hazırlaşırıq. Bunu bacararıq deyə, inamla hazırlaşırıq. Düşünsək də, nə qədər bu komandanın gücü var, böyümək, çəkinməmək üçün rəqibə qarşı mübarizə aparmalıyıq. Bəzi detallar, elementlər var. Onları futbolçuların diqqətinə çatdırırıq. Futbolçulara öncə tapşırığımız o olacaq ki, meydanda 90 dəqiqə dözməyi bacarmalıyıq. Çünki bu, bu günki futbolda vacib amillərdən biridir. Gedişatda da necə oynayacağımızla bağlı öz düşüncələrimiz olacaq. Çəkinmədən oynamalıyıq. Bu nə qədər olacaq, bir hissə, 60 və ya 90 dəqiqə, onu meydanda görəcəyik”.

 

Baş məşqçi komandadan baxımlı futbol gözlədiyini qeyd edib: “⁠Biz baxımlı oyunu düşünməsək, nəticə çox az olar. Sadəcə bəzən rəqibin bizə verdiyi imkandan da asılı olur. Amma biz düşündüyümüz oyundan və tələblərimizdən əl çəkmirik. Mənim üçün ev və ya səfər düşüncəsi olmayıb. Dəfələrlə bildirmişəm ki, sırf bu oyun üçün mübarizə aparacağıq fikrini dormalaşdırsaq çox az nəticə əldə edə bilərik. Əksinə baxımlı futbol oynamalıyıq. Azarkeşlər də həmişə həm baxımlı futbola üstünlük verir, həm də onların komandanın yanında olması üçün bu, çox vacibdir. Onların da azarkeşliyi də 90 dəqiqə davam edəcəksə bu bizim üçün əlavə üstünlükdür. Biz yenə də düşündüyümüz hücumları qurmağa, oyunumuzu göstərməyə çalışacağıq. Ola bilər ki, hardasa ustalıqda bizi üstələyərlər. Amma düşünmürəm ki, sabahkı matçda öz oyunumuzu göstərə bilməyəcəyik. Rəqibə dəyər verərək, aqressiv və güclü bir şəkildə mübarizə aparmalıyıq. Bu, böyüməyimiz üçün vacibdir”.

 

Hüseynov qarşılaşmadan gözləntilərini açıqlayıb: ““Sabah qarşılaşacağımız rəqib Avropanın ən güclü komandalarından biridir. Son 2 oyunu nəzərə alsaq, sabah daha çox güc sərf etməliyik. Psixoloji baxımdan gərgin deyilik. Çünki biz "Bayer"ə qarşı 2 matç keçirmişik. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun nümayiş etdirək. Klubunuzla bağlı çəkilən yeni filmi çox bəyəndim. Bizə böyük motivasiya verdi. Filmdə əziyyətlərimiz nümayiş etdirilib. Hər kəs bilməlidir ki, "Qarabağ" adi klub deyil. Bu film bütün Avropada nümayiş olunmalıdır ki, komanda hansı əziyyətli yollardan keçib. ⁠Mənə elə gəlir ki, bizim komandada bütün futbolçuların keyfiyyəti yüksəkdir. Bir olmayanda, digəri layiqincə əvəzləyə bilir. Sözsüz ki, Elvin Cəfərquliyevlə Julio Romaonun olmaması təsir edəcək. Çünki həmin futbolçular böyük təcrübə yığıblar. Anlaşma baxımdan da yaxşı idi. Amma meydana kim çıxsa bacardığını maksimum ortaya qoyacaq”.

Paylaş