Qurban Qurbanov: “Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq”

single-news
1 İyn 2024

Qurban Qurbanov: “Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq”



Azərbaycan kubokunun “Zirə” ilə sabah keçiriləcək final görüşündən əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub. Təcrübəli mütəxəssis qarşılaşma haqa fikirlərini bildirib:

 

“Çox istərdim ki, nəticədən asılı olmayaraq azarkeşlər üçün baxımlı oyun olsun. Çox ciddi rəqibə qarşı oynayırıq. Bizim “Zirə”yə qarşı hər oyunumuz asan olmayıb. Xüsusilə də son görüşlər. Çox yaxşı idman formasında olan komandaya qarşı oynayacağıq. “Zirə” çempionatda ikinci yeri tutan komandadır. Çox yaxşı, çox böyük nəticə əldə ediblər. Demək olar ki, finalı daha rahat oynayacaqlar. Kubok başqa bir prestijdir. Hər bir futbolçu istəyər ki, ölkə kubokunu başı üzərinə qaldırsın. Çalışdıq ki, komandanı bu matça hazır edək. Nəticə üçün ən yaxşısını və düzünü etməyə və azarkeşlər üçün baxımlı oyun göstərməyə çalışacağıq”.

 

Baş məşqçi penaltilər seriyası ehtimalı və buna hazırlığa toxunub: “Penaltilər seriyasına psixoloji hazırlaşmaq lazımdır. Buna da hazırıq. Kubok görüşlərinə fərqli yanaşıram. Böyük gözlənilməzliklər kubokda olur. İstər ölkə kubokunda, istər avrokuboklarda. Ümumiyyətlə, futbolçularımı belə matçlara daha çox psixoloji hazırlamağa çalışıram. Çempionatın sonunda onların fiziki formaların tələb etmək düzgün deyil. İstər-istəməz hazırdırlar və sadəcə psixoloji yorğunluqları olur. Mən də ona üstünlük verirəm ki, sərbəst, soyuqqanlı şəkildə bu matçlarda düzgün oynasınlar. Amma qarşımızdakı rəqibi də nəzərə almalıyıq. Bəlkə daha istəkli, kubok üçün daha çox alışıb yanan komanda olacaq. Mən komandanı bu tərəfdən hazırlayıram. Bu günə qədər çalışmışıq ki, öz reytinqimizlə xallar toplayaq, bununla irəli gedək”.

 

Paylaş

// pop up