Qurban Qurbanov: “Növbəti mərhələyə keçməyimiz vacib idi”
Qurban Qurbanov: “Növbəti mərhələyə keçməyimiz vacib idi”
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” matçından (3:4) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:
“Bu oyunda məğlub olmağımıza baxmayaraq, futbolçularımı təbrik edirəm. Növbəti mərhələyə keçməyimiz vacib idi. İki matçın nəticəsinə görə qalib biz olduq. Amma qarşımızda fərqli “Sabah” var idi. Oyunu tam istədiyimiz kimi idarə edə bilmədik. Fərqli tələblərdə olan komanda var idi. Yaxşı, maraqlı epizodlar oldu. Azarkeşlər üçün bol qollu, maraqlı, gərgin görüş baş tutdu. “Sabah”a uğurlar arzulayıram. İki gündən sonra yenə bu rəqiblə oyunumuz var, həmin qarşılaşmaya hazırlaşacağıq”.
Qurbanov heyətdəki rotasiyalara da toxunub: “Bu matçda futbolçuların oyun ritmini aldım. Bəzi oyunçuların 90 dəqiqə meydanda olması mənim üçün vacib idi. Abbas Hüseynov uzun müddət oynamadıqdan sonra 90 dəqiqə meydanda oldu. Bu da məni sevindirdi. Digərlərinin də oynamasına ehtiyac var idi. Ümumi razı qaldığım və qalmadığım tərəflər oldu. Nəticə üçün oynadılar, müdafiədə boşluqlar verdik. Üç qol vurduq, dördünü buraxdıq. Görünən odur ki, arxa xətdə problemlər oldu. Bu da normaldır. Çünki müdafiədə daha çox rotasiya etmişdik. Bunu da hiss etdik. Qarşımızda güclü komanda var idi və futbolçuları topla yaxşı davranırdı. Onlar da bu şansdan istifadə etdilər. “Sabah”la çempionat görüşündə bugünkündən fərqli heyət olacaq. Matçın gedişində də lazım olsa, rotasiya edəcəyik”.