Qurban Qurbanov: «Onlar mənim istədiklərimin qarşılığını verə bilmirlər» (qol.az)
Qurban Qurbanov: «Onlar mənim istədiklərimin qarşılığını verə bilmirlər» (qol.az)
«Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Hazırda komandanız Unibank Premyer Liqasının turnir cədvəlində beşinci pillədədir. «Bakı»yla ehtiyatdakı bir oyununuzu nəzərə almasaq, lider «Neftçi»dən «Qarabağ»ı səkkiz xal ayırır. Bu fakt sizi nə dərəcədə narahat edir?
- Əlbəttə, bu, bizi narahat etməyə bilməz. Amma çempionat yeni başlayıb və biz də bəzi çatışmazlıqları aradan qaldırmağa, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışırıq.
- Komandanızda nə kimi çatışmazlıq var?
- Konkret olaraq, bizim daha çox qələbəyə ehtiyacamız var. Bəzi oyunlarda çoxlu qol imkanı yaratmağımıza baxmayaraq, bundan istifadə edə bilmirik. Həm də heyətimizi tam formalaşdıra bilməmişik. Rəşad Sadıqovun qəflətən «Qarabağ»dan getməsi, Əfran İsmayılovun zədələnməsi bizim planlarımızı pozdu. Digər tərəfdən, milli komandada «Qarabağ»ın oyunçularının çoxluğu istər-istəməz komandamızda balansı pozur. Çünki oyunlara lazımi səviyyədə hazırlaşqmaq imkanımız olmur. Bəzən komanda bölünür və çempionatın oyunlarına 7-8 futbolçuyla hazırlaşmaq məcburiyyətində qalırıq. Bu isə bizə problemlər yaradır. Millimiz yenə toplanışdadır və komandamızın əsas futbolçuları orada iştirak edir. Çempionatda isə bizi ağır oyunlar gözləyir. Biz isə bu matçlara istədiyimiz kimi hazırlaşa bilməyəcəyik.
- «Qəbələ»ylə oyundan sonra komandanızda köklü dəyişiklik edə biləcəyinizi söyləmisiniz. Sizi bu gün «Qarabağ»ın heyətilə bağlı razı salmayan nədir?
- Hər şeydən əvvəl nəticə. İstədiyimizi əldə edə, futbolçulardan tələb etdiyim oyunu görə bilmədiyimə görə mən belə bir fikir səsləndirmişəm. Bununla belə, futbolçularıma inanım böyükdür. Amma əgər zamanla sən istədiyini görmürsənsə, dəyişikliyə əl atmaq məcburiyyətində qalırsan. Qış fasiləsinə, dekabr ayına qədər belə getsə, digər komandalar kimi biz də dəyişikliyə əl atacağıq.
- Dəyişikliklər olarsa, bu, hazırda «Qarabağ»ın əsas heyətində çıxış edən neçə futbolçuya şamil olacaq?
- Həmin müddətə qədər futbolçuların sayı çoxala da, azala da bilər. Mən də çox istəyirəm ki, heyətdə tam dəyişiklik olmasın. Ən azı futbolçuların 80-90 faizi bir yerdə qalmalıdır. Amma son oyunlarda görürəm ki, komandada geriləmə var. Bəzi oyunçularımızın xidmətlərindən düşündüyümüz kimi istifadə edə bilmiriksə və ya futbolçu bizim komandada özünü istədiyi kimi göstərə bilmirsə, onun başqa komandaya keçməsi daha yaxşıdır. Bu, normal bir haldır. Çox vaxt hər bir futbolçuya özünü göstərmək üçün yeni komanda lazım olur və o, orada özünü daha yaxşı hiss edir.
- Söhbət hansı futbolçulardan gedir?
- Təəssüf ki, ad açıqlaya bilmərəm. Biz futbolçulardan daha çox şey tələb edirik, onlar isə bunun qarşılığını verə bilmir.
- Bugünün özündə də belə fikirlər var ki, «Qarabağ» mövsümlərarası fasilədə lazımi transferlər etməyib və buna görə komandada axsama müşahidə olunur.
- Mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Nəticə olmayanda çoxları səhvləri üzə çıxarmağa çalışır. Amma biz büdcəmizə uyğun hərəkət edirik. Digər tərəfdən, biz heyəti formalaşdırmışdıq. Amma iki oyunçumuzu - Rəşadla Əfranı itirməyimiz, dediyim kimi, planlarımıza daxil deyildi. Əgər hətta istədiyimiz transferləri reallaşdırsaydıq belə, iki oyunçunu itirməyimiz bizim oyunumuza təsir edəcəkdi. Çünki biz hələ çempionatın əvvəlində bu futbolçulara üstünlük vermişdik. Oyunumuzu həm də bu futbolçuların üzərində qurmuşduq. Başqa sözlə, başqa iki güclü futbolçumuz olsaydı belə, problem aradan qalxmayacaqdı. Biz köklü dəyişikliyə əl atmağı xoşlamırıq, amma get-gedə buna əl atmalı ola bilərik.
Rəşadın komandamızda qalmasını çox istəyirdik. Amma ona Türkiyə superliqasından təklif gəldi və «Qarabağ»dan getdi. Əgər futbolçuya sərfəli təklif gəlirsə və o bunu qəbul edirsə, biz bunun qarşısını ala bilmərik.
- Rəşad Sadıqovun gedişatının komandaya mənfi təsir göstərdiyini siz də etiraf etmisiniz. Bu mənada, qış fasiləsində Rəşadın yerini doldura biləcək futbolçunun heyətə cəlb olunması gözlənilirmi?
- İstərdik ki, komandaya yüksək səviyyəli oyunçular cəlb edək. Bu gün müdafiəçilərimizdən Qara Qarayev də U-21-ə cəlb olunub, digər müdafiəçilərimiz əsas millinin düşərgəsindədir. Hazırda «Qarabağ»ın məşqlərində iki müdafiəçi iştirak edir: Zaur Həşimov və Aftandil Hacıyev. Ayxan Abbasov isə zədəlidir. Ona görə də qış fasiləsində müdafiəyə futbolçu gətirmək barədə fikirləşirik.
- Komandanızın Quzanlı stadionundan imtina edib Bakıda oynaması birmənalı qarşılanmayıb. Quzanlıdan fərqli olaraq, Bakıdakı oyunlarına çox məhdud sayda azarkeş gəlir. Bütün bunlar oyunlarınıza nə dərəcədə təsir göstərir?
- Ümumiyyətlə, azarkeş amili futbolda nəticənin qazanılmasında böyük rol oynayır. Hansı komandanın azarkeşi çoxdursa, bu, onun müsbət nəticələr qazanmasında da öz əksini tapır. Bildiyiniz kimi, biz oyunlarımızı Bakıxanov qəsəbəsində keçirməliydik. Amma orada təmir getdiyindən ev oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda keçiririk. Biz Ağdamı tərk etmək istəməzdik. Hərçənd Bakıda da meydançaların bu durumda olduğunu görüb ola bilər ki, rəhbərliyə müraciət edib yenidən Quzanlıya qayıdaq. Biz də istəyirik ki, azarkeşimiz çox olsun. Əlbəttə, Quzanlıda azarkeşlərlə dolmuş tribunaların önündə oynamaq nəticəyə müsbət təsir edən amillərdən idi. Boş stadionda oynamaq isə nəticəyə mənfi təsir göstərir. Bildiyiniz kimi, «Qarabağ» rəhbərliyi Suraxanı stadionunu icarəyə götürmək barədə razılığa gəlib. Orada müasir baza və stadionun durumunu düzəltmək nəzərdə tutulub. O vaxta qədər çətinlik yaransa, Quzanlıya dönə bilərik.
- Klubunuzun direktoru Əmrah Çəlikəl bildirir ki, Quzanlıya gedib-gəlmək komandanızın futbolçularını çox yorub.
- Yorğunluq mütləq olmalıdır. Əgər bizim milli komandada futbolçularımız olmasaydı, bu özünü birüzə verməzdi. Amma futbolçular millidən yorğun qayıdırlar, Bakıya çatan günün ertəsi Quzanlıya gedirlər ki, bu da əlavə yorğunluqdur. Bundan başqa, təsəvvür edin, bizim futbolçular xaricdən Bakıya gəlir, buradan Quzanlıya yollanırlar. Bu, yorğunçuluqdan əlavə həm də üç iqlim dəyişikliyi deməkdir. Qısa bir müddətdə belə dəyişiklik futbolçuların nəinki fiziki, həm də psixoloji durumuna mənfi təsir edir. Bir daha deyirəm, əgər milli komandada futbolçularımız olmasaydı, biz Quzanlıda yerləşər və səfərə də elə oradan yollanardıq. Bu mənada, mən Əmrah bəyin fikirləri ilə razıyam.