Qurban Qurbanov oyundan sonra nə dedi?
18 Yan 2011
Qurban Qurbanov oyundan sonra nə dedi?
`Qarabağ`ımız Antalyada keçirdiyi təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirdi. Qazaxıstanın `Jetisu` klubununa 2:3 məğlub olduğumuz oyundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov saytımıza oyun haqqında fikirlərini bildirib:`Məlum olduğu kimi cəmi 8 gündür hazırlıqlara başlamışıq. Adətən belə oyunlar keçirməyin faydası olur. 2 hissədə fərqli komanda meydana buraxdıq. Çalışdıq ki, hamının durumuna nəzər yetirək. Əlbəttə ki, yoxlama oyunlarında nəticədən daha çox komandanın ümumi oyunu, bir-biriylə anlaşma və s. kimi komponentlər vacibdir. Hazırda sağlam olan bütün futbolçulara şans verdik. İlqar Qurbanov məşqlərə yeni başlayıb. Ona görə də onu çox yükləmək istəmədik. Əfran isə dünəndən komandayla çalışır. Maksimin isə sol ayaq əzələsində bir qədər problem var. Rəşad Kərimov isə hələ bir həftə sonra komandayla çalışmalara başlayacaq. Zaur Həşimov və Namiq Yusifov isə xəstəlikləri səbəbindən bugünkü oyunda iştirak edə bilmədilər. Hələ hazırlıq üçün yetərincə vaxtımız var. Daha çox çalışmalı və çempionata qədər hazır vəziyyətə gəlməliyik.