Qurban Qurbanov: “Oyunun ritmini saxlaya bildilər”

single-news
25 Fev 2024

Qurban Qurbanov: “Oyunun ritmini saxlaya bildilər”



Misli Premyer Liqasının XXIV turunun “Qarabağ” – “Sumqayıt” oyunundan (2:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Bu oyuna köklənmək bəlkə də bir az çətin idi. Amma oyunçularım bunu bacardılar. Hər birində yaxşı konsentrasiya var idi. Heyətdə xeyli sayda dəyişiklik etsək də, çatışmazlıqlar olsa da, oyunun ritmini saxlaya bildilər. Maraqlı oyun alındı. Birinci hissədə hər iki komanda bir az qapalı oynadı. İkinci hissədə daha açıq oyun alındı, sürətli hücumlar oldu. Sonda qalib gəldik. Samir Abasova uğurlar arzulayıram”.

 

Baş məşqçi bugünkü və qarşıdakı həftə baş tutmalı olan görüşlərin təxirə salınması barədə sualları da cavablandırıb: “Bu həftə oyun keçirməsəydik, daha yaxşı olardı. “Braqa” ilə ilk görüşdən sonra təxirə salınan matç qarşıdakı həftəyə düşüb. Biz yenidən təxirə salınması üçün müraciət etmişdik. Proqramda təsdiq edildiyi üçün dəyişməyin çətin olduğunu dedilər. Başqa yolumuz yoxdur, bu qarşılaşmaya gedəcəyik. İstirahət üçün vaxt qalsaydı, daha yaxşı olardı. Cavab görüşündə 120 dəqiqə oynayandan sonra futbolçuların daha çox istirahətə ehtiyacı var. Bir çox futbolçunu meydana buraxmadıq. Tam bərpa olunmadıqları üçün ehtiyatlanırdıq.  Qərar qəbul olunubsa, gedib oynamalıyıq. Biz bugünkü qarşılaşmanı düşünmüşdük. Həm “Qəbələ”, həm “Neftçi” ilə matçlar da təsdiqlənib. Ona görə iki oyunun təxirə salınmasının çətin olduğunu dedilər”.

 

Qurbanov Avropa Liqasının 1/8 final mərhələsindəki rəqib “Bayer”in düşərgəsində baş məşqçi Xabi Alonso ilə görüşü və Adama Diakabi barədə də danışıb: “Xabi Alonso ilə nəyə daha çox üstünlük verməsi ilə bağlı ümumi diskussiyamız oldu. Oyunun gedişində sistemi dəyişir. Bunu biz də analizlərimizdə görmüşdük. Matçlarına çox baxmışdıq. Bizimlə də iki fərqli oyun oynadılar. Bizim düşündüyümüzü özü də dedi.  Biz klub, məşqçi olaraq Adama Diakabinin icarəyə verilməsini ona təklif etməmişik. Belə yazılar çox çıxdı. Az şans qazanır, Avropa Liqasının heyətinə daxil edilmədi. O, bizim oyunçudur, maya qədər müqaviləsi var”.

Paylaş