Qurban Qurbanov: "Qısa zamanda komandanı yaxşı hazırlamalıyıq"

Qurban Qurbanov: "Qısa zamanda komandanı yaxşı hazırlamalıyıq"
"Qarabağ" Premyer Liqanın 15-ci turunda Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi"ni qəbul edib. Oyunda rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb:
"Samir Abasovu təbrik edirəm, çox vacib və lazım olan qalibiyyət əldə etdilər. Oyundan çox danışmağa ehtiyac yoxdur. Oyundansa, digər məqamlar daha maraqlı idi. Futbolçularımdan narazı qaldım. Çünki ikinci hissədə bizim qırmızı vərəqə almağımızı gözləyirdim. Bunun üzərində çox dayandım. Əfsuslar olsun ki, bu da oldu. Qırmızı vərəqədən sonra oyun nizam-intizamı pozuldu. “Neftçi”nin qırmızı vərəqə almasına qədər komandadan daha razı idim, nəinki sonra. Bəzən həqiqətən düşünmədiyimiz epizodlar olur. Oyunun gedişatında tam istədiyimizi etmək çətin olur. Düşünürəm ki, bu oyun Azərbaycan futbolunun tarixinə düşdü. Düzünü deyim, hakim də inamlı qərarlar verdi. Bəzən hakim vərəqə verəndən sonra ona təzyiqlər çox olur və özünü itirir. “Neftçi” 9 nəfər qalanda da qırmızı vərəqə oldu və hakim də verdi. Diqqətimi çəkən hakimin inamlı qərarlar verməsidir. Bir neçə gün əvvəl Hakimlər Komitəsindən gəlmişdilər və belə epizodları göstərmişdilər. Bu gün də göstərilənlərin hamısı oldu. Hələ qarşıda daha maraqlı oyunlar olacaq. Tez bir zamanda komandanı yaxşı hazırlayıb, digər oyunlara çıxmalıyıq. Kubok matçında da bəzi futbolçularda xırda zədələr olmuşdu. Hər iki komandaya uğurlar arzulayıram".