Qurban Qurbanov: `Qisas barədə düşünməyə vaxtımız yoxdu`

single-news
2 Noy 2012

Qurban Qurbanov: `Qisas barədə düşünməyə vaxtımız yoxdu`



`Hər şeyə əl atdıq ki, problemlərimiz olmasın`
 
`Qarabağ`ın baş məşqçisi Qurban Qurbanovun Sportal.az saytına müsahibəsi
 
- `Qarabağ` öz meydanında `Qəbələ`yə uduzdu. Sizcə, məğlubiyyətə nə səbəb oldu?
- Məğlub olmağımızın səbəbləri var, amma yenə araşdırırıq. Bir az heyət baxımından problemimiz oldu. Baxmayaraq ki, oyuna ciddi hazırlaşmışdıq. Sadəcə hadisələr 2 dəqiqənin içidə həll olundu. Kobud səhv etdik. Demək olar ki, heç bir oyunçumuz qolun qarşısını ala bilmədi. Zəif oynadıq. Birdən-birə 3 oyunçunun olmamasına görə müdafiədə istər-istəməz boşluqlarımız oldu. Hücumu güclü olan komandaya qarşı boşluqlar olanda rəqib də istifadə edir.  Bundan da “Qəbələ” maksimum dərəcədə yararlandı və nəticə qazandı.
 
- Oyundan sonra mətbuat konfransında demisiz ki, komandada ciddi problemlər var. Maraqlıdır ki, Qurban Qurbanov hansı problemlərdən danışır?
- Hal-hazırda komandada problem çoxdu. Həm zədəli oyunçularımız var, həm də istər-istəməz belə oyunlardan sonra futbolçularda inamsızlıq yaranır.
 
- Sizi ən çox narahat edən hansı problemdi?
- Hal-hazırda komandanın hamısının bir yerdə olmaması.
 
- Rəşad Sadıqov zədələndikdən sonra, görünür ki, müdafiədə ciddi boşluqlar olur. Özünüz də qeyd etdiniz ki, ”Qəbələ” ilə oyunda müdafiəçilər qolun qarşısını ala bilmədilər. Belə demək olar ki, Rəşad Sadıqov komandanın yarısıdı?
- Rəşad Sadıqov komandanın kapitanıdı. Birdən-birə onun kimi futbolçunun belə oyunlardan əvvəl zədələnib sıradan çıxması problem yaradır. Biri var bir problemi yoluna qoyasan, bir də dediyim kimi 3 oyunçunun zədələnməsi. Müdafiədə nə qədər çalışsaq da, digər tərəfdən də vaxtımız az oldu. “Xəzər Lənkəran”la oyundan sonra hazırlaşmaq üçün vaxtımız çox az idi. Buna baxmayaraq hər şeyə əl atdıq ki, problemlərimiz olmasın.
 
- Yəqin razılaşarsız ki, komandada Rəşad Sadıqovu əvəzləyəcək müdafiəçi yoxdu. Nə Bədavi Hüseynov, nə də Admir Telo Rəşad səviyyəsində çıxış etmir. Son iki oyunda bunun şahidi olduq...
- Yox, yenə deyirəm ki, Rəşadın yeri komandada böyükdü, əsasən də müdafiə xəttində. Bədavi də hələ təzə gəlib, cavandı. Hələ komandaya təzə uyğunlaşır. İkisi də mübarizə aparan futbolçulardı.
 
- Son 5 turda “Qarabağ” qələbə qazana bilmir. Bəs, bunun səbəbi nədi?
- Bu suallara mən daima cavab vermişəm. Hər oyunlardan sonra belə suallara cavab verirəm. Hər oyunda çoxlu qol imkanlarımız olur. Sadəcə “Qəbələ” ilə oyunda qol imkanlarımız az oldu. Amma digər bütün oyunlarda qol şanslarımız rəqibdən çox olur. Sadəcə istifadə edə bilməmişik.
 
- Yəni, hücum xətti “Qarabağ”ın yaralı yeri kimi qalır. Bunu necə həll etməyi düşünürsüz?
- Hələ heç nə edə bilmərəm. Çempionatın ortasıdı.Əlimizdə olan futbolçularla çalışmalıyıq ki, onların oyun səviyyəsini və təcrübəsini artıraq.
 
- AZAL-a məğlubiyyətdən sonra demişdiniz ki, komandada ciddi dəyişikliklər olacaq. Artıq yavaş-yavaş qış fasiləsi yaxınlaşır. Qurban Qurbanov "qara siyahı"ya saldığı futbolçuları müəyyənləşdirib?
- Hal-hazırda bu barədə danışmaq düzgün deyil. Yanvara kimi vaxtımız var. Hazırda əlimizdə olan futbolçularla bir yerdə oyunumuzu daha da yaxşılaşdırmalıyıq.
 
- Növbəti turda AZAL-la qarşılaşacaqsınız. Həmin oyun “Qarabağ” üçün qisas xarakteri daşıyacaq.? Çünki ilk oyunda 2:6 hesabı ilə məğlub olmusuz...
- Bizim qisas barədə düşünməyə vaxtımız yoxdu. Fərqi yoxdu rəqib AZAL-dı, ya başqa komanda. Oyunlara ciddi hazırlaşmalıyıq. Futbolda hər şey olur: 6:2-də, 8:2-də. Onlar ciddi rəqibdi. Hücum xətləri güclüdü. Amma biz bu barədə düşünmürük. Biz sadəcə qələbə üçün oynamalıyıq.
 

Paylaş

// pop up