Qurban Qurbanov: "Qürur hiss keçirirəm ki, bizim matçlarımız qardaş Türkiyədə keçirilir"

Qurban Qurbanov: "Qürur hiss keçirirəm ki, bizim matçlarımız qardaş Türkiyədə keçirilir"
Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ımız sabah səfərdə "Sivasspor"un qonağı olacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
"Hər iki komandanın xalı yoxdur. Matç bizim və rəqib üçün vacibdir. "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay bildirib ki, ciddi hazırlaşıblar və qələbə üçün hər şeyi edəcəklər. Bu fikirlər bizdə də var. Bu gün Türkiyə Super Liqası ilə Azərbaycan Premyer Liqasının arasında fərq böyükdür.
"Hər iki komandaya uğurlar arzulayıram. Biz Türkiyə ilə iki dövlət, bir millətik. Hər zaman qardaşlığı hiss etmişik. "Vilyarreal"la ikinci turda İstanbuldakı matçda da gördük. Bizə böyük diqqət ayrıldı. Bu gün bunu hava limanında da hiss etdim. Türkiyə dövlətinə təşəkür edirəm ki, ağır günlərdə bizim yanımızdadırlar. Bu gün mənə Qurani-Kərim hədiyyə edildi. Həmin bayraqlar və Qurani-Kərim evimdə olacaq. Bu gün bir daha hiss etdim ki, başqa ölkədə deyilik, öz vətənimizdəyik. Futbol idmandır. Biz sabah qazanmaq üçün oynayacağıq. Mübarizə yalnız meydanda olacaq. Türkiyə futbolunu çox yaxından izləyirik və azarkeşlik edirik. Qürur hiss keçirirəm ki, bizim matçlarımız qardaş Türkiyədə keçirilir".
Baş məşqçimizlə yanaşı yarımmüdafiəçimiz Qara Qarayev də mətbuat konfransında iştirak edib:
"Rəqib də bizim kimi xal qazanmayıb. Hər iki komanda xal qazanmaq üçün meydana çıxacaq. “Sivasspor” haqqında xoş sözlər deyə bilərəm. Komanda olaraq rəğbətimizi qazanan bir kollektivdi. Sabah bizim üçün çətin olacaq, amma əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq".