Qurban Qurbanov: “Səfərdə daha yaxşı oyun göstərməliyik”

single-news
8 Mar 2024

Qurban Qurbanov: “Səfərdə daha yaxşı oyun göstərməliyik”



Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Bayer” matçından (2:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

"Belə bir hava şəraitində bizimlə olan azarkeşlərimizə təşəkkür edirəm. Bu gün stadionda böyük futbol abu-havası var idi. Bu matçda qalib gələ bilərdik. Mənim üçün əsas nizam-intizamlı oyun göstərmək idi. Futbolçuların nə qədər gücləri var idisə mübarizə apardılar. Belə rəqibə qarşı sürəti qorumaq heç də asan deyildi. Rəqib ikinci hissədə ən yaxşı oyunçularını meydana buraxdı. Futbolçularımdan razı qaldım”.

 

Qurbanov heyətdəki itkilərin oyuna təsirinə də toxunub: “Belə oyunlarda sürəti, dinamikanı qoruyub-saxlamaq çox önəmlidir. Elvin Cəfərquliyev və Julio Romao 90 dəqiqə meydanda gücləri çata bilən oyunçulardır. Sürətə, dinamikaya dözənlərdir. Bu gün bəzi futbolçuların gücləri sona yaxın tükəndi. Hətta əzələlərində problem yarandı”.

 

Baş məşqçi “Bayer”lə səfər oyunu barədə sualı da cavablandırıb: “İnanın ki, məyus deyiləm. Yorğun görünə bilərəm. “Bayer”in gücündən hamımız danışırıq. Amma biz səfərdə daha yaxşı oyun göstərməliyik. Uğurlar əldə etmək üçün böyüklərə qalib gəlmək lazımdır. Məğlub olsaq da, qalib gələrək onlardan üstün olmalıyıq. Bu gün olmasa da, sabah və ya gələcəkdə o səviyyəyə yaxınlaşa biləcəyik”.

Paylaş