Qurban Qurbanov: Tələsməyə dəyməz, hər şey irəlidədir (apasport.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
Qurban Qurbanov: Tələsməyə dəyməz, hər şey irəlidədir (apasport.az)
“Qış fasiləsində komandamızın mövsümün əsas mərhələsinə tam hazır olmasına çalışdıq. Bu məqsədlə Türkiyədə uzun müddətli təlim-məşq toplanışımız oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Bu gün klub rəhbərliyinin keçirdiyi mətbuat konfransında iştirak edən gənc çalışdırıcı qış hazırlığı ilə bağlı qıcasa məlumat verib. “Qarabağ” bu il ilk rəsmi oyunda “Qəbələ”yə böyük hesabla qalib gəlməklə, 4-cü pilləyə yüksəldi və “altılığ”a düşməsini rəsmiləşdirdi: “Belə uğurlu startdan razı qaldıq. İnşallah, bunun davamının gəlməsinə çalışacağıq. Qarşıdakı hələ çox oyunlar var. Futbolçularımızın daha da yaxşı oynayıb, formalarını artırmalarına çalışacağıq. Hələ ki problemlər var. Bunları aradan qaldırmağa çalışacağıq”.
İndi “Qarabağ” “Neftçi”dən 6 xal geri qalır. Ağdamlı azarkeşlər doğma komandalarından uzun müddətdir qazana bilmədiyi çempionluğu gözləyir. Qurbanov hələ bu haqda danışmağı, liderlik haqda düşünməyi tez sayır: “Tələsməyə dəyməz, hər şey irəlidədir. İlk məqsədimiz “altılığ”a düşməyimiz idi. Son turdakı qələbəmiz və rəqiblərimizin xal itkilərindən sonra bunu təmin etdik. İndi durub, birdən-birə bütün diqqətimizi “Neftçi” ilə görüşə, xal fərqinə yönəltmək düzgün olmazdı. Biz ilk növbədə öz oyunumuzu düşünürük. Hər matçda qalib gəlməyə çalışacağıq. Hazırda növbəti oyunumuzu düşünürük. “Gəncə” ötən turda səfərdə AZAL-dan xal aldı. İndi bizi Gəncəyə səfər gözləyir və asan olmayacaq. Onu nəzərə alaq ki, hazırda 4-cü pillədəyik. Əsas məsələ oyun, heyətimizin sabitləşməsidir. İnşallah, bundan sonra yaxşı olar”.
Qeyd edək ki, “Qarabağ”ın Premyer Liqamızda son 5 oyunda meydanı qalib tərk edir.