Qurban Qurbanov: “Uğurlu nəticə qazanmağa çalışacağıq”

single-news
13 Mar 2024

Qurban Qurbanov: “Uğurlu nəticə qazanmağa çalışacağıq”



UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Bayer” – “Qarabağ” matçından bir gün əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və qapıçısı Andrey Lunyovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

“Bizim üçün çox vacib oyundur. Son vaxtların ən yaxşı komandalarından biri ilə qarşılaşacağıq. Cavab oyununda daha da diqqətli olmalıyıq. Bu stadionda yenidən oynamaq xoşdur. Bütün fikrimizi bu görüşə yönəltmişik. Çox keyfiyyətli komanda ilə oynayacağıq. Sabah uğurlu nəticə qazanmağa çalışacağıq. 90 dəqiqə çox diqqətli olmalıyıq”.

 

Baş məşqçimiz hücumçu Olavio Juninyonun durumu barədə danışıb: “Onun əsas heyətdə olub-olmayacağı bilinmir. Qarşıda bir məşqimiz var. Onu kimin əvəzləyəcəyini düşünməməliyik. Yetərincə futbolçumuz var. İstənilən oyunçudan yararlana bilərik. Çox sıx qrafikdə oynayırıq. “Bayer”in son matçlarına baxsaq, onlar da çox vacib və sıx qrafikdə olublar. Onların hazırlıq planı daha yaxşıdır. Futbolçularıma əlavə vaxt və penaltilər barəsində heç nə deməmişəm. Ümumilikdə buna uyğun məşq planımız olub. Biz 90 dəqiqəyə motivasiya olaraq meydana çıxırıq. Hər iki tərəf üçün 90 dəqiqədə qalib gəlmək yaxşıdır. Futbolçuları nəzərə almaq lazımdır”.

 

Rusiyalı qolkiper Almaniya klubu ilə matçdan gözləntilərini açıqlayıb: “Sabah bizi yaxşı oyun gözləyir. Bu görüş bizim üçün çox vacibdir. Çünki növbəti mərhələyə vəsiqənin taleyi həll olunur. Təəssüf ki, ilk matçda qələbə hesabını qoruya bilmədik. Buna yaxın idik. Məncə, cavab qarşılaşmasında da şansımız, imkanlarımız olacaq. Mərhələ adlamaq şanslarını 50-nin 50-yə dəyərləndirirəm. Bu, futboldur, 90 dəqiqə ərzində 11 futbolçu mübarizə aparır. Kim az səhv edib, ələ düşən fürsətlərdən istifadə etsə, qalib gələcək. Ümid edirəm ki, rəqibimizdən üstün olacağıq. Hər oyuna 100 faiz konsentrasiya oluram. Əlavə motivasiyaya ehtiyac yoxdur”.

Paylaş