Qurban Qurbanov: “Yaxşı hazırlıq matçı oldu”
Qurban Qurbanov: “Yaxşı hazırlıq matçı oldu”
Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Qarabağ” yoxlama oyununda “Zirə” ilə görüşüb. Komandamızın 4:0 hesabı ilə qalib gəldiyi matçdan sonra baş məşqçimiz Qurban Qurbanov qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Ümumilikdə pis oyun alınmadı. Yaxşı hazırlıq matçı oldu. Rəşad Sadıqovla əvvəldən razılaşmışdıq ki, görüşdəki dəqiqələrin sayı çox olsun. Biz də bütün futbolçulara şans verə bilək. İlk oyunumuz olduğu üçün səhvlər çox idi. Qış toplanışı ölkə xaricində də olsaydı, güclü rəqiblə bir matç keçirəcəkdik. Digər rəqib daha zəif ola bilərdi. Bakıda öz ikinci komandamızla oynayıb bunu kompensasiya edə bildik. "Zirə" çox ciddi rəqibdir. Üstünlüyümüz onda oldu ki, istədiyimiz formatda oyun keçirdik. Xaricdə olsaydıq, bəlkə də rəqib bununla razılaşmazdı. Hazırlıq prosesi üçün vaxt az idi. Futbolçularımıza istirahət daha çox lazım idi. Toplanışda güclü rəqiblərlə 2-3 oyun keçirmək onlar üçün ağır olardı. Komandamız 2-3 matçdan sonra öz oyununa qayıdacaq”.
Təcrübəli mütəxəssis transferlər və heyətdəki oyunçularla bağlı fikirlərini də bildirib: “Leandro Andrade üçün rəsmi təklif almışdıq. Komandamızın hazırda futbolçuya ehtiyacı var. Onu komandada saxlamağa çalışdıq. Danışıqlar apardığımız bəzi futbolçular var. Lakin qarşı tərəfə görə bir az çətinlik çəkirik. Hücum xəttinə də oyunçu axtarırıq”.