Qurban Qurbanov: «Yaxşı nəticə əldə edə bilərik»

single-news
4 Okt 2023

Qurban Qurbanov: «Yaxşı nəticə əldə edə bilərik»



UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək “Hekken” (İsveç) – “Qarabağ” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və futbolçusu Abdullah Zubirin iştirakı ilə mətbuat konfransı təşkil olunub. 51 yaşlı mütəxəssis sabah baş tutacaq səfər qarşılaşması barədə fikirlərini açıqlayıb:

 

“Hər iki komanda üçün çox vacib oyundur. Bunu gözəl başa düşürük. Bəlkə də ilk turdakı 0:4 hesabı başqa fikir formalaşdırıb. Amma rəqibin oyunlarını çox yaxından analiz etdik. “Hekken”in özünəməxsus oyun üslubu var. Topla yaxşı davranmağı, kombinasiyalı futbol nümayiş etdirməyi xoşlayırlar. Bu komandaya qarşı həddindən artıq diqqətli olmalıyıq. İnanıram ki, futbolçularım nəticə üçün meydanda ən yaxşısını etməyi bacaracaqlar. Hədəfimiz oyun intizamını qorumaqdır. Belə olduqda nəticə mütləq gələcək. Çalışıb rəqibə öz oyununu göstərməyə imkan verməməliyik. Onda yaxşı nəticə əldə edə bilərik. Çox istəyirəm 3 xal əldə edək. Amma bir xal da bizə sərf edəcək. Burda yaxşı oyun göstərməli və mübarizə aparmalıyıq”.

 

Mütəxəssis komandanın hədəfi barədə danışıb: “Böyük təcrübəyə malikik. Neçə illərdir Avropa Liqasının qrupunda oynayırıq. Məqsədimiz daha yaxşı olmaq, inkişaf etməkdir. Hər şeyə real baxmalıyıq. Bəzən şanslarımız böyük olub, amma istifadə edə bilməmişik. Bəzən isə əksinə, şansımız az olub, bundan yararlanmışıq. Məqsədimiz sabitliyi qoruyub saxlamaq və gələcəkdə daha yaxşı nəticələr göstərməkdir. Qarşımızda belə bir hədəf yoxdur ki, mütləq qrupdan çıxmalı və ya 1/8 finala qədər getməliyik. Hədəfimiz oynadığımız turnirdən asılı olmayaraq ən yaxşılardan olmaqdır”.

 

Zubir də sabah keçiriləcək görüş barədə fikirlərini açıqlayıb: “Həftə boyu yaxşı hazırlaşmışıq. “Hekken” çox güclü komandadır. Qapıçıdan oyun qurucularına qədər yaxşı futbolçulardır. Keyfiyyətli oyunçulara malikdirlər. Buna baxmayaraq, bura inamlı gəlmişik. Yaxşı nəticə qazanıb, Azərbaycana, Bakıya xoşbəxt qayıtmaq niyyətindəyik. “Qarabağ” böyük klubdur. Bu isə təzyiq deməkdir. Bunu dərk edirik. Bizim komandadan gözləntilər çoxdur. Hamı yaxşı nəticə gözləyir. Məşqlərdə səylə çalışıram, inkişaf üçün əlimdən gələni edirəm. Komanda olaraq azarkeşlərimizi sevindirməyə çalışırıq”.

Paylaş

// pop up