Qurban Qurbanov: “Yaxşı oyun göstərəcəyimizə inanırıq”

single-news
15 Fev 2024

Qurban Qurbanov: “Yaxşı oyun göstərəcəyimizə inanırıq”



UEFA Avropa Liqasının pley-off mərhələsinin sabah keçiriləcək “Braqa” – “Qarabağ” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və futbolçusu Julio Romaonun iştirakı ilə mətbuat konfransı təşkil olunub. Təcrübəli mütəxəssis Portuqaliyada keçiriləcək ilk matç barədə fikirlərini bildirib:

 

“Bizi çox vacib oyun gözləyir. Çox ciddi rəqiblə qarşılaşacağıq.  Bugünkü hazırlığımız pis deyil. Son vaxtların ən sürətli, ən dinamik futbol oynayan komandası ilə görüşəcəyik. Futbolçularımın hazırlığı yaxşı səviyyədədir. Sabah bu gözəl stadionda yaxşı oyun göstərəcəyimizə və mübarizə apara biləcəyimizə inanırıq. İstəkliyik. Rəqibə böyük dəyər veririk. İnanırıq ki, futbolçularım “Braqa”ya qarşı yaxşı, maraqlı və keyfiyyətli futbol oynamağı bacaracaq”.

 

Baş məşqçi komandamızın avrokubok təcrübəsinin az olmadığını qeyd edib: “Avropada futbol başqa sürətlə irəliləyir. Bu idman növünə daha çox yatırım qoyulur. Klubların inkişafı üçün böyük işlər gedir. Onlar illər boyu bu sürətdə, dinamikada, gərginlikdə oynayırlar. Belə komandalar üçün bu turnirlərdə oynamaq daha asandır. Amma bizim də təcrübəmiz az deyil. Rəqibi daha yaxşı tanıyıb əlimizə düşən fürsətdən maksimum yararlanmağa çalışmalıyıq. Bəzən düşündüklərimiz alınır, bəzən alınmır. Ümumilikdə inkişaf baxımından səviyyə fərqi çoxdur. Buna baxmayaraq, təcrübəmiz az deyil”.

 

Qurbanov matça motivasiyanı vacib sayır: “Çox ciddi rəqibə qarşı oynayacağıq. Bir komanda il boyu sabit ola bilməz. “Braqa” son matçda böyük hesabla uduzubsa, o demək deyil ki, onları yenə problem gözləyir. Bu, fərqli tunirlərdir. Hər şeyə real baxmalıyıq. “Braqa”nı necə tanıyırıqsa, hansı üstünlükləri varsa, oyuna elə yanaşmalıyıq. Əgər arxayınçılıq olsa, bizə problem yaranacaq. Rəqib çox istəklidir. Baş məşqçiləri də matça ciddi yanaşdıqlarını, bizə dəyər verdiklərini açıqlayıb. Biz meydana statistikaları deyil, “Braqa”nı düşünərək çıxmalıyıq. Real baxsaq, üstünlük rəqib tərəfdədir. Amma biz də bununla razılaşmırıq”.

 

Braziliyalı yarımmüdafiəçi sabah mübarizə aparacaqlarını bildirib: “Bizi sabah çox ciddi və çətin mübarizə gözləyir. Son qarşılaşmada məğlub olmasına baxmayaraq, “Braqa” güclü komandadır. Bu rəqibə qarşı oynamış futbolçularımız var. Çalışacağıq ki, layiqli mübarizə aparaq və baxımlı futbol göstərək. Görüşün taleyini detallar həll edəcək. “Braqa” kimi biz də qalib gələ bilərik. Avropa Liqasında rəqibi analiz etməyə kifayət qədər vaxtımız olub. Hər iki komanda qələbə qazana bilər. “Braqa”da Bruno və Calonu qeyd edərdim. “Bayer”lə müqayisə etsək, Almaniya klubunun topa nəzarəti, pressinqi çox möhtəşəmdir. “Braqa” da öz adını, nüfuzunu qorumuş komandadır. İnanmıram ki, “Bayer”lə matçlardakı qədər çətin olacaq”.

 

Paylaş

// pop up