Qurban Qurbanov: “Yaxşı oyunla vacib üç xal qazandıq”
Qurban Qurbanov: “Yaxşı oyunla vacib üç xal qazandıq”
UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Hekken” – “Qarabağ” oyunundan (0:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. O, matç barədə fikirlərini açıqlayıb:
“Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla vacib üç xal qazandıq. Oyunçular çox əziyyət çəkdilər, sonda yoruldular. Amma sonadək dözdülər. Rəqib özünəməxsus oyun üslubuna malikdir. Onların topla yaxşı davranan və sürətli oyunçuları var idi. Bəzi epizodlarda kombinasiyalı hücumların qarşısını ala bilmədik. Amma futbolçular matçın gedişində oyunu tam idarə etməyi bacardılar. Möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm. Rəqiblərin hər birinə qalib gəlmək istəyiriksə, daha diqqətli və daha aktiv olmalıyıq. Ümumilikdə komandadan razı qaldım”.
Mütəxəssis növbəti iki turda Almaniya təmsilçisi “Bayer”ə qarşı keçiriləcək oyunlar barədə danışıb: “Hər oyunda daha ciddi olmalıyıq. Əgər uğur əldə edirsənsə, istənilən rəqib sənə qarşı daha ciddi hazırlaşır. Həmişə belə güclü rəqiblərə qarşı oynamaq istəmişəm. Çünki bu matçlar əlavə təcrübədir. Bu oyunların yalnız böyük faydası olur. Futbolçuların daha peşəkar, daha inamlı olması və böyüməsi üçün belə oyunlar faydalıdır. Bu gün “Bayer” həm Bundesliqa, həm də Avropa Liqasında özünün bəlkə də ən pik formasındadır. Çalışacağıq ki, gücümüz nə qədər çatacaqsa öz oyunumuzdan əl çəkməyək. Rəqibi tam analiz etdikdən sonra ola bilər ki, fikirlərimiz dəyişsin. Futbolçulardan tələbimiz bütün rəqiblərə qarşı eyni istəkdə olub, eyni oyun göstərməkdir. İnanıram ki, minimum yaxşı oyun, yaxşı mübarizə göstərəcəyik”.
Qurbanov Bədavi Hüseynovun Maksim Medvedevlə əvəzlənməsinin səbəbi, həmçinin sonuncunun vacib müdaxiləsinə də toxunub: “Bədavinin əzələsində ağrı oldu və özü dəyişiklik istədi. Epizoda gəlincə, bu, hər futbolçunun üzərinə düşən vəzifədir. Vaxtında müdaxilə etmək də onların borcudur. Maksim həmin epizodda bunu bacardı. Çox istərdik ki, belə vəziyyətlər yaranmasın. Belə epizodlar futbolçunun təcrübəsini, üstün keyfiyyətlərini göstərir və komandada özünəinam artır”.