Qurban Qurbanov:`Dəyişikliklər mütləq olacaq`
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5615.jpg)
Qurban Qurbanov:`Dəyişikliklər mütləq olacaq`
`Qarabağ` klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi
- Hesabat turunda `Neftçi` ilə oyundakı nəticə Avroliqaya çıxmaq baxımından çox vacib idi. Ancaq hesabda irəlidə olduğunuz halda, həm uduzduz, həm də avrokuboklara çıxmaq işini çətinləşdirdiniz...
- Həmin matçın əhəmiyyəti böyük idi. Komanda da pis hazırlaşmamışdı. Məğlub olsaq da, uşaqlardan razı qaldım. Topla hərəkət edən daha çox biz olduq, yaxşı qol vurduq. Ancaq həmişəki kimi Rəşad Abdullayevin baxımlı qolu nəticənin dəyişməsinə gətirib çıxardı. Nəticədən yox, oyundan razı qaldım. `Bakı`ya hər iki qarşılaşmada məğlub olduq, kubok matçında 120 dəqiqə meydanda mübarizə apardıq. Bu oyundan sonra belə mübarizə aparmaq müsbət amildir.
- Yorğunluq var idimi?
- Təbii ki, vardı. Biz yarımfinal mərhələsinin cavab matçında 120 dəqiqə, `Neftçi` isə 90 dəqiqə oynamışdı. Buna rəğmən rəqibə oyun planında məğlub olmadıq.
- Rəşad Sadıqovun yarımmüdafiəçi kimi oynaması taktiki gediş idi, yoxsa məcburiyyətdən atılmışdı?
- Həm taktiki gediş idi, həm də Namiq Yusifovun yoxluğunda həmin mövqeni doldurmaq üçün edilmişdi. `Neftçi`ni analiz etmişdik. Ona görə də bu addımı atdıq.
- `Qarabağ` turnir cədvəlində elə mövqedə qərarlaşıb ki, Avropa Liqasına düşməyə bilər. Son 3 ildə qitə miqyaslı yarışlarda ən yaxşı təmsilçimizi olan bir komanda kənarda qalarsa, bunu uğursuzluq hesab etmək olarmı?
- Əgər qarşıya qoyulan məqsədə nail olmasaq, bu, bizim üçün uğursuzluq olacaq. Çempion olmaq istəyirdik. Minimum vəzifəmiz isə Avropa Liqasına düşmək idi. Qarşıda 2 tur qalıb. Biz peşəkarıq və son qədər mübarizə aparacağıq. Prinsiplərimizdən kənara çəkilməyəcəyik.
- Qarşıdakı hər iki oyunda sizdən üst sıralarda məskunlaşan komandalarla qarşılaşacaqsız. Hansı ki, onların da məqsədlərinə nail olmaları üçün xala ehtiyacı var. Bu baxımdan çətin olmayacaq?
- Başqa çıxış yolumuz yoxdur. Bundan da çətin məqamlarımız olub. Digər yandan `İnter` də bu oyuna ciddi hazırlaşır. Onların da avrokuboklara getmək şansları var. Ona görə də ən azı üçüncü yeri tutmaq istəyirlər. Ağır olacaq, çalışacağıq ki, məqsədimizə çataq.
- `Qarabağ`ın hücum xətti cari mövsümdə ümidləri heç də doğrultmadı. Hansısa forvardı heyətə qatmaqla, bu boşluğu doldurmaq haqda düşünürsüzmü?
- Statistika diqqət yetirsək, qolları kimlərin vurduğuna baxsaq, hücumda çatışmazlıqların olduğunu görürük. Çalışmışıq ki, yerli uşaqlara şans verək, təcrübələri artsın. `Neftçi` ilə oyunda Vaqifi hücumçu kimi meydana buraxmışdım, pis təsir bağışlamadı.
- Mövsümün sonudur. Heyətlə bağlı necə, dəyişiklik gözlənilirmi?
- Hər il dəyişiklik olur. Amma konkret mövsümün sonunda bu haqda qərar veriləcək.
- Maraqlıdır ki, `Qarabağ`ın oyunçuları artıq 4 ilə yaxındır bir yerdə çıxış edirlər. Oturuşmuş heyətiniz var. Yığmanın da əksər üzvləri klubunuzda çıxış edir. Belə olan təqdirdə, niyə `Qarabağ` 2008-ci ildən bəri cəmi bir titul-ölkə kubokunu qazanıb?
- Çox ağır çempionatda çıxış edirik. Premyer Liqada çempion olmaq çox çətindir. Həm də bu məqsədə nail olmaq üçün təcrübəli oyunçulara ehtiyac var. Düzdür, heyətimizdə belə futbolçular olsa da, yenə təcrübəlilərə ehtiyac duyulur. Avropa Liqası tam başqa yarışdır. Həmin oyunlara tam fərqli hazırlaşırıq. Çempionatda isə özümüzdən təcrübəlilərə də uduzmuşuq, təcrübəsizlərlə görüşdə də xal itirmişik. Uşaqlar bacardıqlarını edirlər. Dəyişikliyə gəldikdə, bu hər il olur, bu dəfə də mütləq dəyişikliklər olacaq.