Qvardiola və Qurbanov (premyerliqa.az)

single-news
22 Dek 2010

Qvardiola və Qurbanov (premyerliqa.az)



Bu yazı dekabrın 1-də yazılmalı idi, el-klassikodan dərhal sonra, sadəcə, həmin an ürəyimi boşaltmağa yer olmamışdı. Amma bir neçə gün keçmiş «premyerliqa.az» saytının rəhbəri Emin Abbasovdan təklif gəldi - yeni yaratdıqları saytın məram və məqsədinin ciddilik olduğunu biləndə bu işdə iştirakımın mümkünlüyünü dedim. Saytı sevdirmək istiqamətli fikir mübadiləsi apararkən «Barselona» - «Real» görüşündə katalonların baş məşqçisi Xosep Qvardiola ilə kral klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldu arasında baş verənlərdən də danışdıq: heyfsləndiymi bildirməklə məqam düşən kimi düşüncələrimi yazacağıma söz verdim.

 

...Diqqətli azarkeşin yəqin ki yadındadır. Qvardiola meydandan çıxan topu əlinə götürür və sanki onu yaxınlaşmaqda olan Ronalduya vermək niyyətindədir. Amma o, Kriştianu çatanda topu kənara tulladı və portuqaliyalı da Xosepin sinəsindən itələdi ki, bununla da aləm bir-birinə qarışdı. Hətta qapıçılar Valdes və Kasilyas da daxil olmaqla hamı «hadisə yerinə» gəlib haqq-hesab çəkirdi. Kimi ucuz qəhrəmanlıq axtarır, kimi də həqiqətən aranı sakitləşdirmək istəyirdi. Ancaq məqsədim bunu araşdırmaq deyil, diqqəti müasir futbolda iki böyüyün - biri məşqçi, digəri futbolçu - davranışına yönəltməkdir. Başlayaq kiçik böyükdən...

 Futbolda «Davranış kodeksi» deyilən bir anlam var. Ona əməl etmək hamının borcudur, futboçunun da, məşqçinin də, lap klub, hətta federasiya prezidentinin də! Sözügedən insidentin iştirakçıları isə kodeksin tələblərinin ziddinə getdilər. Bu mənada, Ronaldunun hərəkətinə heç kim haqq qazandıra bilməz, mən də qazandırmıram. Amma bir anlığa özümüzü Kriştianunun yerində hiss edək, hiss etməyə çalışaq. Dünyanın ən möhtəşəm stadionlarından sayılan «Nou Kamp» («Kamp Nou» deyəndə söhbət sanki başqa bir arenadan gedir - R.B.), 100 min azarkeş, «Barselona» kimi prinsipial rəqiblə oyun, qısa müddətdə hesabda gerisən 0:2 və s., biri də, həmin adam kim olur-olsun, səninlə məzə qılır. Gəlin, etiraf edək, elə məqamda emosiyaları cilovlamaq, soyuqqanlığı qorumaq asan iş deyil. O da ola bir az çılğın, bir az ərköyün, bir az da ipə-sapa yatmayan, barışmaz Ronaldu! Amma mən yenə də futbolçunun məşqçiyə və ya kiçiyin böyüyə bu cür hərəkətini qəbul etmirəm. Ancaq bu halda da yenə bir şərtlə - gərək böyük də böyüklük edə, böyüklüyündən sui-istifadə etməyə!

Qvardiola bir anlığa unutdu ki, məşqçidir, özü də «Barselona» kimi dünya nəhəngi olan bir klubun baş məşqçisi. Təsəvvür edək ki, həmin anda o, sakitcə, üzündə təbəssüm (ən azı hesabda 2:0 irəlidə olduqlarına görə), alicənablıqla topu Ronalduya verir, hətta ona, görüntü xatirinəmi, futbol xatirinəmi, yalançı bir sığal da çəkir. Sizcə, bu hərəkətin əks-sədası necə olardı?! Təbii ki, o gözəl oyun, bir az da gözəlləşər, məftunedici futbol gecəsi bir az da unudulmaz olardı. Təəssüf ki, böyük futbolçu ilə böyük məşqçi həmin anda bir-birini pis mənada tamamladılar.

 

Bəs Qurban Qurbanovun bu məsələyə nə dəxli? Əziz oxucu, «premyerliqa.az» saytının «Video» bölməsində şənbə günü keçirilmiş «Qarabağ» - «Muğan» oyunundan fraqmentləri diqqətlə izlə. Orda belə bir epizod var: Ağdam futbolçusu topu kənara atır, hesabda 0:2 geridə olan rəqib oyunçusu onu oyuna daxil etməyə tələsir, «Qarabağ»ın baş məşqçisi isə bu işdə salyanlı futbolçuya kömək məqsədi ilə uzaqlaşan topun ardınca gedib onu tələsən rəqib oyunçuya qaytarır. Q.Qurbanovun simasında yüksək, həm də daim bizə nümunə göstərilən əcnəbilərin də əməl etmədiyi alicənablıq!

 

Təxminən bir-birinin eyni olan iki hərəkətə iki müxtəlif yanaşma... Sizcə, bunlardan hansı insanlığa uyğundur, Qvardiolanın davranışı, yoxsa Qurbanovun?! Bəs, bunlardan hansı bir peşəkarın etməli olduğudur, Qvardiolanın, yoxsa Qurbanovun hərəkəti?! Qoy heç kim Qurbanov hara, Qvardiola hara, İspaniya futbolu hara, Azərbaycan futbolu hara, «Barselona» - «Real» oyunu hara, «Qarabağ» - «Muğan» görüşü hara deməsin. Çünki söhbət bir-birinə çox bənzər, oxşar hadisədən və həmin anda atılan konkret addımdan, hərəkətdən gedir. Bəsdir, ancaq pisimizi, eyib, qüsur və nöqsanlarımızı qabardıb tənqid etməklə özümüzü ucuzlaşdırdığımız. Ən acınacaqlısı isə bilirsinizmi nədir? Biz pisimizi, eyib, qüsur və nöqsanlarımızı yalnız onda qabardırıq ki, o, ictimai, ümumi xarakter daşıyır. 9 milyonumuzun 99 faizi özünütənqidi nəinki normal qəbul etmir, heç yaxına buraxmır. Hamı biz beləyik, biz eləyik deyir, amma həmin fonda mən necəyəm barədə düşünmürük. Bax, ziddiyyət də burdadır. Özünəvurğunluğumuzun fərdi yox, ümumi xarakter daşıyacağı günləri görmək arzusu ilə...

 

Rövşən Binnətli

Paylaş

// pop up