RASİM KARA: ƏCNƏBİLƏRİ DƏVƏT ETMƏKDƏNSƏ, UŞAQ FUTBOLUNU İNKİŞAF ETDİRMƏK LAZIMDIR (Fotolar) (contact.com, 05.2007)

single-news
5 Noy 2007

RASİM KARA: ƏCNƏBİLƏRİ DƏVƏT ETMƏKDƏNSƏ, UŞAQ FUTBOLUNU İNKİŞAF ETDİRMƏK LAZIMDIR (Fotolar) (contact.com, 05.2007)



Futbolun inkişafı aşağı səviyyəli əcnəbi futbolçulardan yox, gənc və perspektivli yerli futbolçuların yetişəcəyi futbol məktəblərindən asılıdır. Bu fikri Turan agentliyinə müsahibəsində məşhur türkiyəli futbol mütəxəssisi Rasim Kara ifadə edib.

Türkiyənin Əskişəhər şəhərində anadan olan məşqçi futbola marağının uşaq yaşlarından yarandığını və nədənsə hər zaman qapıda durduğunu deyir. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığından bir müddət penalti pavilyonunda (pavilyona gələnlərin penalti zərbələrini qaytarmaqla məşğul olub) pul müqabilində qapıçı işləyib. Futbol həyatına 16 yaşında Əskişəhərin “İşıqspor” adlı həvəskar klubunda çıxış etməklə başlayıb. Ardınca daha bir neçə həvəskar klubda çıxış etdikdən sonra yüksək liqa təmsilçisi “Bursaspor”la anlaşıb. 21 yaşında Türkiyənin gənclərdən ibarət yığma komandasına çağırılıb. Karyerasının ən parlaq dövrü kapitanı olduğu İstanbulun üç nəhənglərindən biri olan “Beşiktaş”da keçirdiyi 8 ilə təsadüf edib. 15 dəfə Türkiyə milli yığma komandasının şərəfini qoruyub, “Beşiktaş”ın şərəfini qorumuş ən yaxşı üçüncü qapıçı seçilib. 1984-cü ildə “Beşiktaş” forması ilə çıxdığı vida matçında azarkeşlər onu “unutamam...unutamam seni” mahnısının sədaları altında yola salıblar.

“Futbolçu karyeramı bitirdikdən sonra məşqçi olmağa qərar verdim. 1990-cı ildə Fatih Terimlə birlikdə U-21-ə məşqçi təyin olundum. Daha sonra Türkiyənin əsas millisində ikinci məşqçi kimi çalışdım və yığmanın 1996-cı il Avropa çempionatına vəsiqə qazanmasında pay sahibi oldum” – deyə Kara qeyd edir.

Azərbaycana gəlişindən öncə ölkəmiz haqda kifayət qədər məlumatlı olduğunu deyən Rasim Kara, musiqimizi, milli rəqslərimizi çox sevdiyini və Mübariz Mənsimovdan “Xəzər-Lənkaran”a rəhbərlik etmək barədə təklif alınca məmnuniyyətlə razılaşdığını bildirir. Azərbaycana gəldikdə qarşılaşdığı mənzərə - meydançaların ot örtüyünün acınacaqlı vəziyyəti, stadionların azlığı, komandaların məşq etmək üçün bazalarının demək olar ki olmaması onu qətiyyən çəkindirməyib. Dediyinə görə, futbolçu olduğu dövrdə Türkiyədəki vəziyyət heç də bundan ürəkaçan olmayıb.

“Mən Azərbaycan futboluna nəsə verə bilmək üçün burdayam, ikinci dəfə buraya gəlib “Qarabağ”a başçılıq etməyim də bununla əlaqədardır. Mənə Türkiyə Superligində çıxış edən bir neçə klub da təklif göndərmişdi, amma “Qarabağ”ı seçdim. Bu adın Azərbaycan üçün nə qədər önəmli olduğunu nəzərə alsaq, “Qarabağ”ı dünyaya tanıtmalıyıq, güclü bir klub yaratmalıyıq” – deyə o fikirlərilə bölüşür. Karaya görə, futbolu inkişaf etdirmək, güclü yığmaya və peşəkar futbolçulara sahib olmaq üçün əsas diqqəti uşaq futboluna yönəltmək lazımdı. Bunun üçün klub Binədə ərazi alıb və müxtəlif yaş qruplarında çıxış edən futbolçuları üçün beş meydança inşa etmək niyyətindədir. Həmçinin klubun mövcud təlim-məşq bazası da yenilənir. “Qarabağ”a gəldiyi on ay ərzində komandanın 90%-i dəyişib, 20 futbolçu komandadan uzaqlaşdırılıb, çoxlu sayda gənc futbolçu heyətə cəlb edilib. Məşqçinin dediyinə görə, klub rəhbərliyi onun qarşısına yüksək yerlərdən birini tutmaq haqda hər-hansı konkret tələb qoymayıb, əsas məqsəd gənc futbolçuları kəşf edərək gələcək illərin gücü komandasını yaratmaqdır. “Həm çempionatda, həm də kubokda mümkün qədər yüksək nəticə göstərməyə çalışacağıq. Çox gənc və yeni oyunçulardan formalaşmış komandayıq, hər şeydən öncə zamana ehtiyacımız var” – deyə Kara vurğulayır. Azərbaycan futbolundakı problemlərə toxunaraq, məşqçi futbolçuların fiziki hazırlığının aşağı olduğunu, klubların buna kifayət qədər diqqət yetirmədiyini, hakimliyin çox zəif olduğunu və bunun da çempionatda əks olunduğunu bildirir. Danışılmış oyunlar və futboldakı rüşvətxorluqla bağlı sualı cavablandırmaqdan yayınan R.Kara, bu tipli mövzuları şərh etmək istəmədiyini desə də, bununla belə özünün də bu cür şayiələri tez-tez eşitdiyini qeyd edir. Azərbaycan yığmasının biabırçı oyununun futbolumuzun ümumi vəziyyətini əks etdirdiyini deyən mütəxəssis, burada çempionatın aşağı səviyyəsinin başlıca rol oynadığını, milliyə xarici oyunçuları cəlb etməkdənsə, yeni gənc futbolçu nəslinin yetişdirilməsinə önəm verilməsinin vacib olduğunu bildirir.

Karanın fikrincə, milliyə hər hansı bir tanınmış əcnəbi mütəxəssisin dəvət edilməsi çıxış yolu deyil. Bununla belə, o, Qyoko Haciyevskinin yaxşı nəticələr əldə edəcəyinə ümid edir.

“Mövcud vəziyyətdə hər bir məşqçi milliyə yardımı əsirgəməməlidir. Mən özüm Hacıyevskilə görüşmüşəm və istədiyi köməyi göstərməyə hazır olduğumu bildirmişəm” – deyə o qeyd edib. Eyni zamanda, həmkarları barədə danışmaq istəmədiyi üçün Kara Şahin Diniyevin yığmadakı fəaliyyətini dəyərləndirməkdən imtina edib. “Məşqçi olaraq həmkarlarım haqda bir söz deyə bilmərəm”.

Rasim Kara azərbaycanlı futbolçuların xaricdə çıxış etməyə can atmalarının vacib olduğunu deyir. Rəşad Sadıqovu “Kayserispor”un keçmiş məşqçisi Ərtoğrul Sağlama özünün məsləhət gördüyünü, sonuncunun isə Rəşaddan çox razı olduğunu və hətta buna görə ona təşəkkür etdiyini qeyd edir. “Rəşad gərək qayıtmayaydı, onun nəyə görə Türkiyəni tərk etməsi mənə tam aydın deyil. Azərbaycanda Rəşad kimi xaricdə oynaya biləcək çox az futbolçu var və onlar futbolçu olaraq inkişaf etmələri üçün daha güclü çempionatlarda çıxış etməyə çalışmalıdırlar” – deyə o vurqulayır. Məşqçinin fikrincə, futbolçuların xaricə getməyə meyilli olmamalarında ölkə klublarında aldıqları yüksək əmək haqqı da az rol oynamır.

Mayda "Qarabağ"la müqaviləsi başa çatacaq R.Kara, sonda futbolda inkişafa nail olmaq üçün xüsusi proqramın qəbul edilməsinin, üşaq futboluna qayğının artırılmasının, çempionatın səviyyəsinin yüksəldilməsinin və qərəssiz hakimliyin zəruri olduğunu bildirib.

Paylaş

// pop up