RASİM KARA: HƏDƏFLƏRİMİZ BƏLLİDİR

single-news
24 İyn 2008

RASİM KARA: HƏDƏFLƏRİMİZ BƏLLİDİR



Mövsümlərarası fasilədə Kənan Kərimov, Qoqa Beraya, Aftandil Hacıyev kimi oyunçularla yollarını ayıran "Qarabağ" rəhbərliyi digər klublardan fərqli hələlik heyətinə yalnız bir futbolçu qata bilib. Belə ki, makedoniyalı Artim Şakiri hələ ki, ağdamlıların yeganə transferidi. Məhz bu oyunçunun təqdimat mərasimində klubun vitse-prezidenti Tahir Gözəl "Qarabağ"ın qarşısına yalnız çempionluq vəzifəsinin qoyulduğunu bildirdi. Bəs görəsən, addımbaşı bütün güclərini təsisləşməyə qoyduqlarını iddia edən baş məşqçi Rasim Kara rəhbərliyin bu tələbini yerinə yetirəcəklərinə nə dərəcədə inanır? Baş məşqçi Rasim Karanın "Futbol+"-a verdiyi müsahibəni sizin diqqətinizə çatdırırıq:

- Artıq yeni mövsümün hazırlıqlarına start vermisiz. Hazırlıq prossesindən razısızmı?
- Bəli, hazırlıqlara başlamışıq. Hardasa 10 gün Bakıda ilkin təlim-məşq toplanışında olacağıq. Ondan sonra bir-iki günlük fasilə verib, iyulun 1-də Türkiyəyə yola düşəcəyik. Qızılcahamamda təxminən 3 həftəlik təlim-məşq toplanışı keçirməyi planlaşdırırıq. Burda əsasən fiziki çalışmalarla məşğuluq. Həmçinin bir neçə oyunçu almağı da planlaşdırırıq. Hazırda onlardan xəbər gözləyirik. Tələsmədən qərar vermək istəyirik. Bütövlükdə növbəti mövsümə hazırlıq prossesindən razıyam və hər şey qaydasındadı.
- Yeni almaq istədiyiniz futbolçular komandaya burda qoşulacaq, yoxsa Türkiyə toplanışında?
- Bunu özümüz də dəqiq bilmirik. Yəni ola bilər ki, elə burda komandaya qoşulsunlar və Türkiyə toplanışında sınaqdan keçirək. Alınmasa təbii ki, birbaşa Qızılcahamam toplanışında düşərgəyə qoşulacaqlar.
- Legionerləriniz nə vaxt gələcək?
- Bildiyiniz kimi, Viktor İbokoyi ilə Soumah Mamaduba komandamızın digər üzvlərindən fərqli vətənlərinə bir qədər gec qayıtdı. Daha doğrusu, bu oyunçuların viza problemi yarandığından hardasa bir həftə gec yola düşdülər. Buna görə də, ola bilsin ki, onlar heç Bakıdakı hazırlıq prossesinə özlərini çatdıra bilməsin. Güman ki, hər iki oyunçumuz Türkiyədə komandanın sıralarına qoşulacaq. Şakiri də həmçinin. Çünki Artimlə razılıq belə olub ki, o, hazırkı komandasına İntertoto kuboku oyunlarında yardımçı olmalıdı. Makedoniyalının həmin komandayla müqaviləsinin müddəti bu ayın sonunda başa çatacağından "Qarabağ"ın düşərgəsinə yalnız iyulda qoşula biləcək.
- Çempionat başa çatan kimi Qoqa Beraya və Kənan Kərimov "Qəbələ"yə keçdi. Bu futbolçuları özünüz yola saldız, yoxsa?..
- Kənan özü getmək istədi, biz də onu məcbur saxlamaq istəmədik. Qoqa və digərlərini isə özümüz buraxdıq. Hər halda gedənlərin yerinə oyunçu alacağıq və onların yoxluğu özünü hiss etdirməyəcək.
- Bəs Aftandil Hacıyevin hazırlıq prossesi ərəfəsində komandadan uzaqlaşdırılmasına nə səbəb oldu?
- Qardaşım, bu hər yerdə baş verən normal bir haldı. Komandadan biri çıxarılırsa, yerinə də oyunçu alınır. Biz də elə etdik. İişimizə yarıyanları saxladıq, yaramayanları isə buraxdıq. İndi Aftanadil və başqaları gedirsə, o demək deyil ki, onun yeri boş qalacaq. Hər halda kimisə transfer edəcəyik.
- Bunu biz də gözəl başa düşürük, Rasim bəy. Sadəcə, bilmək istəyirik ki, Aftandilin komandadan uzaqlaşdırılmasına nə səbəb oldu? Çünki müdafiəçi mətbuata açıqlamasında sizin onu aldatdığınızı bildirib. Onunla aranızda hansı problem vardı?
- Aftandillə aramda heç bir problem olmayıb. Biz ona daha öncə bunu söyləcəkdik. Sadəcə, zədəsi olduğundan söyləmədik. Əvəzində komandada saxlayıb, həkimlərə göstərdik, müalicəsini həyata keçirməyi qərara aldıq. İndi o mənim haqqımda mətubata nə deyib - onu müzakirə etmək istəməzdim. Hansısa futbolçunun səviyyəsinə enmək fikrim yoxdu. Aftandilin işimizə yaramayacağını dəqiqləşdirəndən sonra yollarımızı ayırmaq qərarına gəldim və yerinə də başqa futbolçu alacağıq.
- Ümumiyyətlə, belə söhbətlər gəzir ki, sizinlə komandanın üzvləri arasında münasibətlər heç də qaydasında deyil. Düşünmürsüz ki, bu növbəti mövsümdə komandanın uğurlu çıxış etməsinə mane ola bilər?
- Bu söhbətləri sizə kim deyir? Həmin adamı göstərin, adını deyin - mən də cavabını verim. Xahiş edirəm, ümumi danışmayın. Komandanın hansı üzvləriylə aramda münasibətlər qaydasında deyil? Konkret faktlar desəz, mən sizinlə yenə razılaşaram. Mənim komandamda belə şey ola bilməz. Komanda üzvləriylə heç bir problemim yoxdu. Konkret olaraq, Aftandili göstərdiz, səbəblərini açıqladım. Başqa heç kimlə problemim yoxdu.
- Bundan sonra komandadan başqa oyunçuların gedişi gündəmdədi?
- Hələlik yollarımızı ayırmaq istədiyimiz futbolçu yoxdu. Amma bu o demək deyil ki, yüz faiz olmayacaq. Yəqin ki, zamanla gedən olub-olmayacağını özünüz görəcəksiz.
- Digər komandalar hamısı bir neçə transfer həyata keçirdiyi halda, siz cəmi bir oyunçu almısız. Hesab etmirsiz ki, hazırkı rəqabətdə geri qalmağınız çempionatın gedişində də sizi çətin vəziyyətdə qoya bilər?
- Bizim hədəflərimizin nədən ibarət olduğunu gözəl bilirsiz. Yəni artıq oyunçu almayacağıq. Yenə təkrar edirəm ki, bundan sonra yalnız 2-3 əlavə futbolçu transfer etmək fikrimiz var. Sən isə nədənsə, işin içində başqa şeylər axtarırsan.
- Niyə axı belə düşünürsüz, Rasim bəy? Mən sadəcə, müşahidə etdiyimiz vəziyyətə sizin münasibətinizi öyrənmək istəyirəm...
- Mən də deyirəm ki, bizim başqa klublar kimi çoxlu oyunçu almağa gücümüz çatmır. Daha doğrusu, həmin paranı daha lazımlı yerlərə xərcləmək istəyirik. Əsas məqsədimiz təsisləşmək, klub kimi formalaşmaqdı. İki ildi ki, bu plan üzrə də işimizə davam edirik. Biz 11 legioner ala bilmərik. Almayacağıq da.
- Rasim bəy, siz əsas diqqəti təsisləşməyə yönəltdiyinizi deyirsiz. Amma vitse-prezidentiniz Tahir bəy bir neçə gün öncə mətubat konfransında bəyan etdi ki, "Qarabağ" növbəti mövsüm ancaq çempionluq üçün yarışacaq. O, mətbuat vasitəsilə həm sizə, həm də oyunçulara səsləndi ki, bizə çempionluq lazımdı...
- Hər il olduğu kimi, bacardığımız hər şeyi həyata keçirməyə çalışacağıq. Biz hər oyuna çıxıb, onu qazanmağa çalışan bir komandayıq. Ötən mövsüm "Neftçi" kimi aparıcı komandaya uduzmadıq, lider "Olimpik"i, eləcə də "Xəzər-Lənkəran"ı məğlub etdik. Bahalı və ya ucuz oyunçulardan asılı olmayaraq, hər oyunda qələbə qazanmağa çalışdıq. Amma indidən nəyəsə söz vermək də çətindi. Mən də istərdim ki, "İnter" və digər iddialı komandalar kimi 11 legioner alsınlar. Amma biz bunu edə bilmərik. Bu o demək deyil ki, biz elə oyunçuları almaq gücündə deyilik. Sadəcə, həmin pulu təsisləşməyə yönəltmək haqda düşünürük.
- Ümumiyyətlə, hazırkı vəziyyətdə rəhbərliyin çempionluq tələbini yerinə yetirəcəyinizə nə dərəcədə inanırsız?
- Hazırkı heyətlə bunu bacarmağımız təbii ki, mümkünsüzdü. Transferlər edəndən sonra da çempionluğa zəmanət vermək çətin məsələdi. Özünüz də görürsüz ki, nə qədər pul xərcləyib, çempion ola bilməyən çoxlu komandalar var.
- Şakirinin gəlişini necə qarşıladız?
- Şakiri yaxşı oyunçudu. Az-çox tanıdığım səviyyəli futbolçulardandı. Bildiyiniz kimi, bizdə gənc və perspektivli futbolçulardan ibarət geniş heyət var. Fikrimcə, bu heyətdə Şakiri, Aslan Kərimov kimi təcrübəlilərin olması onların daha da düzgün inkişafı yolunda böyük fayda verəcək. Artimi də məhz bu məqsədlə transfer etmişik.
- Deyilənə görə, daha bir neçə belə səviyyəli oyunçu almağı planlaşdırırsız...
- Bilirsiz, belə tanınmış oyunçular çoxlu pul tələb edir. Bu isə bizim planlarımıza uyğun gəlmir. Yəni onların tələb etdiyi böyük miqdarda pula oyunçu almayacağıq. Öz büdcəmizə və planlarımıza uyğun bir neçə oyunçu transfer edəcəyik ki, onları da yaxın gələcəkdə görəcəksiz.
- Ötən mövsümün gedişində komandaya dəvət etdiyiniz Mehmet Akın geri qayıtmayacağı haqda söhbətlər dolaşır. Bu nə dərəcədə doğru informasiyadı?
- Bunu hardan eşitdiz? Belə bir şey yoxdu, qardaşım. Mehmet bəy Türkiyədə seminara qatılıb. Ona görə də Bakıdakı hazırlığa qoşulmayacaq. Amma Qızılcahamam toplanışında komandayla birgə olacaq.

 

Paylaş

// pop up