RASİM KARA - HƏYAT YOLU... II HİSSƏ
22 Yan 2007
RASİM KARA - HƏYAT YOLU... II HİSSƏ
DAVAMI:
- Müəyyən dönəmdə Sizə də Milliyə Baş Məşqçi olmanız üçün təklif olduğu deyilir…
- Bəli, Fatih Terimin istefasından sonra mənə belə bir təklif oldu. Lakin Fatih hoca ilə biz dostuq. Onunla Milliyə gələndə belə “Bir gəldik, birdə gedəcəyik” sözü vermişdik. Millidən də bir getdik. O “Qalatasaray”ın, mənsə “Beşiktaş”ın sükanı arxasına keçdim. İlk ildəcə 1 və 2-ci yerləri tutduq. Spor yazarları kubokunu, Baş bakan kubokunu aldıq. Avropada IV tura qədər yüksəldik ki, buna qədər heç bir klub buna nail ola bilməmişdi….
- Mənz bunun nəticəsində Türkiyə sonrakı il Çempionlar Ligasına 2 komanda ilə keçdi…
- Elədir ki var. Bizim IV tura yüksəlməmiz sonrakı ilə bu mötəbər turnirdə ölkəmizi 2 komanda ilə təmsil etmək hüququ qazandırdı. “Beşiktaş” tarixində ilk dəfə IV tura yüksəldi.Bu qədər inkşafdan sonra indiyə qədər yalnız bir dəfə - Luçesku dönəmində bundan bir tur sonraya komanda keçməyə nail olub. Qol rekoru da, ən böyük fərqi də komanda tarixində mənim dönəmimdə qazanıb – 88-25.
- Belə bir ifadə işlətdiniz- “Bu qədər inkşafdan sonra…”. Avropa çempionatında 3-cülükdən sonra Türkiyə futbolu dünya səviyyəsində enişdədir. Sizcə səbəbi nədir?
- Ağac bar verdikcə, başını aşağı salar... belə bir atalar sözü var. Bizdə isə əksinə oldu. Həmin heyətdə olan futbolçuların ayağı yer tutmamağa başladı. Ilhan Mansiz, Ümit Davala... və s. Bu siyahını artırmaq da olar. Səbəbin birincisi budur. Üstəlik siyasətin futbola qarışması, federasiyada olan çəkişmələr hamısı ümumilikdə enişə səbəb oldu. Səviyyəsiz məşqçilərin gəlişi ilə bu eniş daha da sürətləndi...
- Uğur qazanmağın açarı nədədir?
- Mən AFFA-da keçirilən toplantılarda da demişəm – 1. Hər komandanın bazası olmalıdır. 2.Məcburi olaraq hər komandanın uşaq futbolu yaradılmalıdır. 3. Hər yaş qrupunda çempionat keçirilməlidir. Bu gün Azərbaycanda uşaqlar arasında 2-3 yaş qrupundan başqa çempionat demək olar ki keçirilmir. Haradan yetişəcək futbolçu? Lənkəran kimi bölgənin cəmi bir komandası var. Halbuki region olaraq çox böyük bir ərasizi var... Bundan başqa Məşqçilik, Hakimlik kursları təşkil olunmalıdır. Bunların hamısı isə UEFA kriteriyalarına uyğun həyata keçirilməlidir. Bir ölkənin futbolu gənclərə önəm verməklə qurtular...
- Siz uzaq Kanadada da işləmisiniz. Necə oldu ki, birdən uzaq Amerikaya üz tutdunuz?
- Orada Türkiyəli iş adamının komandası var idi. Özü “fənər”li olsa da, məni çox istəyirdi. Təklif etdi. O zaman qızım da mənim orada təhsil alırdı. Qəbul etdim. Bir il işlədim və komandanı çempion etdim. 11 ölkənin nümayəndəsi komandamda top qovurdu..
- Çempionluq və istefa... Bir birinə əks olan şeylərdir. Deyilmi?
- Kanadada futbol 4-5-ci idman növü sayılır. Oktyabrdan aprelə qədər qarlı havadır. 2-3 ay çempionat keçirilir ki, onda da həftədə 3-4 oyun keçirmək məcburiyyətində qalırsan. Bunu da mən özümə uyğun saymayaraq ayrıldım. Oranın millisinin bütün futbolçuları başqa ölkələrdə top qovanlardır.
- Sonra da Azərbaycana gəldiniz...
- Mübariz bəy, “Beşiktaş”ın fanatıdır və mənə böyük dəyər verən iş adamıdır. Komandanın ilk ildə yarandığını və ilk turlarda pis nəticə əldə edildiyini dedi. Mən də gəldim...
- “Qarabağ”a gəlişinizdə Azərbaycan Futbolunda işləməyinizin rolu oldumu?
- Əlbətdə. Amma mənə bundan da önəmlisi komandanın qarşısında məqsədin olması oldu. Taher bəy kimi rəhbərin olması, hədəflərin olması da təsir edən amillərdən oldular.
- Ilk işiniz komandanı gəncləşdirmək oldu. Heş də bütün məşqçilər bu riski etməzdilər...
- Elədir ki var. Amma biz sözlə yox, əməli işimizlə bunu sübut edəcəyik. “Beşiktaş”da bu yolu tutduğunu deyir. Amma İbrahim Akın, Gökhan Güleç, Burak və s. gənclər yalnız eytiyatda otururlar. Üstəlik çempionatı da ilk yerdə tutanla 29 xal fərqlə bitirirlər. Tiqananın yerinə olsam, belə nəticə ilə bir gündə orada qalmaram. Özünə hörmət edən məşqçi hədəfdən 29 xal uzaqlaşırsa nə etməlidir? Biz cəlb etdiyimiz gəncləri oynadacağıq. Onlara şərait yaradacağıq ki oynasınlar. Bu 6 ay onlar üçündür...
- Transfer siyasətində nə dəyişikliklər olacaq?
- Baxın- mən gəncləşdirmə apararkən və 6 ay deyərkən heç də komandanın ikinci dövrədə məğlubiyyətləri sıralayacağını demək istəmirəm. Mən uduzmağı sevmirəm və komandam da ikinci dövrədən bu gənclərlə layiq olduğu yerə qalxacaq. Təcrübəlilərlə 9-cu olan komanda görəcəksiniz gənclərlə hansı yeri tutacaq. Mən istədiyim komandanı yaradacağam. Yoldaşlıq oyunlarında görsətdiyimiz oyun hələ komandanın 60% gücü idi. Tam gücü çempionatda görəcəksiniz.
- “İstədiyim komanda” sözünün altında nələr durur ?
- Sürətli, zöv verici, ağıllı, texniki, fiziki hazır bir komanda. Əla müdafiə, çox qaçan, meydanın hər qarışı uğrunda mübarizə aparan bir komanda .Komandanın yoldaşlıq oyunlarında sərgilədiyi oyunu görənlər bunun cizgilərinin olduğunu sezməmiş deyillər. Sivas” kimi komandanı ilk hissədə bir dəfə də qapımiza buraxmayaraq, 4 real qol vəziyyəti yaratdıq. Və ya ilk 10 dəqiqədə 2 qol vurduq türk klubuna. Əvəzetmələrim olmasaydı 5-ni də vurardıq. Belə olacaq “Qarabağ”.
- Yaxın vaxtlarda bütün komponentlərlə zəngin komanda izləyə biləcəyikmi?
- Əlbətdə ki elə ikinci dövrədən bunun şahidi olacaqsınız. Bu dövr eləcə də komandanın heyətinə cəlb etdiyim futbolçuların özünütəstiq dövrü olacaq. 6 aydan sonra isə layiqlilər qalacaq, olmayanların yerlərini isə səviyyəli futbolçularla dolduraraq uzun müddətli həmişə üst yer uğrunda mübarizə aparan bir “Qarabağ” yaradacağıq. Bu 6 ayda isə ilk işimiz komanda üçün baza tikmək, idman meydançasını hazırlamaqda olacaq. Bunlarda görüləcək işlər arasındadır.
- Sonda “Qarabağ” Azarkeşlərinə sözünüz:
- Azarkeşlərimizdən bir tək istəyim var: “Bu gənclərə dəstək olsunlar. Inanın ki, stadiona “Qarabağ”ın oyununu izləyən hər bir azarkeş onun oyunundan zövq alacaq. Azarkeşlərlə bir yerdə gözəl nəticələrə imza atacağıq.”