RASİM KARA İCTİMAİYYƏTƏ TƏQDİM OLUNDU . . .

single-news
14 Dek 2006

RASİM KARA İCTİMAİYYƏTƏ TƏQDİM OLUNDU . . .



Bu gün “Azərsun Holding”in konfrans zalında “Qarabağ” Futbol Klubunun yeni baş məşqçisi rəsmən ictimaiyyətə təqdim olundu. Konfransda “Qarabağ” Futbol Klubunun Vitse Prezidenti Taher Gözel, Komandanın Direktoru Işık Emrah Çelikel iştirak edirdi. Klubun Mətbuat Xidmətinin rəhbəri Asif Əsgərov konfransı açıq elan etdikdən və mediya nümayəndələrini salamladıqdan sonra, söz klubun başçısı Taher Gözelə verildi. Taher bəy ilk növbədə bir gün öncə Ümummilli Lider Hedər Əliyevin ildönümünü anmaq üçün bir dəqiqəlik sükut təklif elədi. Daha sonra Vitse Prezident komandanın cari mövsümdəki uğursuzluqlarının səbəblərini açıqlayaraq, gələcək planlarına toxundu: “İlk dövrənin gedişindən bir neçə dəfə komandanın çıxışından narazılığımı bildirmişdim. İdarə heyəti ilə uzun fikir mübadiləsindən sonra uğursuzluqdan çıxış yolunu komandaya bir neçə futbolçu gətirməkdə deyil, komandanın beynində təmizlik aparmaqda gördük. Azərbaycan futbolu günü-gündən inkşaf edir və biz bu inkşafda daha peşəkar olmaq yolunu seçmək qərarına gəldik. Başqa sözlə biz ən bahalı maşın ala bilərdik, amma ona sürücü də tapmaq məcburiyyətindəydik. Məhz ona görə Rasim hocanı komandamıza dəvət etdik. Onunla ilk söhbətdən sonra sükanı doğru əllərə verdiyimə əmin oldum....” Daha sonra Taher bəy perspektiv planlara da toxundu: “Ən yaxın zamanda klub üçün baza, stadion tikmək planlaşdırırıq. Amma səhv addım atmamaq üçün dövlət səviyyəsində proqrama uyğun olaraq hərəkət etməliyik. “Qarabağ”ın ən yaxın gələcəkdə yüksək səviyyəli stadionu, təsisləri olacaq”... Sonra “Qarabağ” Futbol Klubunun baş məşqçisi Rasim Kara çıxışına başladı. O, bütün qonaqları salamladıqdan sonra, niyə məhz “Qarabağ”ı seçdiyinin səbəblərini açıqladı: “Qarabağ” Futbol Klubunun başçısı ilə ilk görüşdəcə bu komandanın böyük hədəflər uğrunda mübarizə aparmaq istəyini hiss etdim. Mən məğlubiyyəti sevmirəm, burada isə qalib gəlmək üçün hazır olan idarə heyəti, klub rəhbərliyi gördüm. “Qarabağ”ın buna qədər olduğu kimi, bundan sonra da əsas hədəfi ilk yerlər uğrunda mübarizə olacaq. Bu mübarizədə tikanlı yollardan keçəcəyik. Amma hədəfə çatacağımıza hamımız inanırıq. Zəfərə çatmaq üçün bütün yollardan keçməyə hazırıq! “ Baş məqşçi klubda baş verən dəyişikliklərə də toxundu: “Böyükağa bəyi klubda xidmətlərinə görə öz dərin təşəkkürümü bildirirəm. Bu gündən etibarən isə mənim məşqçilik korpusum Tayfun hoca, Çetin hoca və “Qarabağ” uşaq futbolunda uzun müddət çalışmış Elçin hocadan təşkil ediləcək. Yeni komandamda əsasən gənclərə üstünlük verəcəyik.Artıq bu məqsədlə əvəzedici heyətdən 8 futbolçunu Antalyada keçirəcəyimiz təlim məşq prosesinə cəlb edəcəyik. Amma bu o demək deyil ki, təcrübəli futbolçulardan imtina edirik. “Qarabağ”a faydalı saydığımız bütün futbolçularla işimizi quracağıq. Əlbətdə ki, gedənlər də olacaq. Bunları isə yaxın bir neçə gündə açıqlayacağıq. Eyni zamanda sürpriz adlara da rast gələ bilərsiniz. Siyahımda “Qarabağ”da görmək istədiyim futbolçular var ki, onlarla danışıqlar aparırıq. Bu danışıqlar müsbət nəticələnən kimi, ilk bilən siz olacaqsınız...” Bundan sonra, klub mənsubları mediya nümayəndələrinin müxtəlif səpgili suallarını cavablandırdılar...

Paylaş

// pop up