RASİM KARA – UĞURUN GƏLƏCƏK ADI . . .

single-news
14 Dek 2006

RASİM KARA – UĞURUN GƏLƏCƏK ADI . . .



Bir neçə gün davam edən danışıqlar öz bəhrəsini verdi. “Qarabağ” Futbol Klubunun sükanı arxasına Türkiyənin Tanınmış Futbol Mütəxəssisi Rasim Kara gətirildi... Türkiyənin ən böyük klublarından biri “Beşiktaş”da uğur qazanan Rasim Kara bu gündən öz təcrübəsini “Qarabağ”ı zirvələrə daşımaq üçün sərf edəcək... TANITIM: Rasim Kara 1950-ci ildə Türkiyənin Eskişehir şəhərində anadan olmuşdur. Futbolçu karyerasına qapıçı kimi “Işıkspor”da başlayan Rasim Kara, az sonra “Bursaspor”a transfer olundu. Buradan Türkiyə Milli komandasına kimi yüksələn futbol mütəxəssisi 1975-76 mövsümündə “Beşiktaş”la müqavilə bağladı və 9 il ardıcıl bu komandanın şərəfini qorudu. Bu illər ərzində komandası ilə çempionluq sevinci ( 1981/82 mövsümü) də yaşamış Rasim Kara 1984-cü ildə futbolçu karyerasını məşqçiliklə əvəzlədi... “Antalyaspor”da işə başlayan gənc məşqçi əvvəlcə Türkiyədə tarix yazmış Zepp Piontek, daha sonra Fatih Terimin köməkçisi vəzifəsində də işlədi. Beləliklə, Türkiyə Futbolunun inkşafı dövrü olan bu zaman kəsiyində Rasim Kara da türk dünyasına özünəməxsus töhvə vermiş oldu. Məhz onun dövründə Türkiyə Milli Yığma komandası tarixində İLK DƏFƏ olaraq Avro-96 –ya vəsiqə qazandı ki, bu nailliyyətdə Rasim Karanın əməyi danılmazdır. Tanınmış Futbol Adamı 1996 / 97-ci il mövsümdən uzun illər futbolçu kimi şərəfini qoruduğu “Beşiktaş” JK-na Baş Məşqçi kimi qayıtdı. Qayıdışı da müdhiş alındı. “Ağ-qara”ların çempionatlar tarixində ən çox qol atması, çempionatın sonuna qədər liderlər qrupunda olması, Avrokuboklarda qazanılan nailliyyət “Beşiktaş”ın uğurlu mövsüm yaşamasının göstəricisidir. Baş Məşqçi daha sonra “Bursaspor”, “Dardanelspor”, “Rizespor”, “Kocaelispor” və “Yozqatspor”da da qısa müddətli vəzifələr daşımışdır. Rasim Kara ölkə xaricində də uğurları ilə tanınan məşqçilərdəndir. Uzaq Amerika qitəsində, Kanadanın “Ottowa Wizards” komandasına dəvət olunan Baş Məşqçi daxili çempionatda komandasına çempionluq sevinci yaşatmışdır. Son olaraq, ölkəmizə təşrif buyurmuş Rasim Kara “Xəzər Lənkəran” komandasını yarandığı ilk ildə UEFA Kubokuna vəsiqə qazandırmışdır. Yuxarıda yazılmış uğurları Rasim Kara “Qarabağ”la davam etdirmək niyyətindədir. Biz tanınmış futbol mütəxəssisi, Türkiyə Futbolunda tarix yazmış Rasim Karaya çətin, lakin şərəfli işində uğurlar arzuyaq, Azərbaycan Futbolunun “Qarabağ”la Avropaya səs salmasında köməklik edək...

Paylaş

// pop up