RASİM KARANIN KOMANDASI AUTSAYDERİ MƏĞLUB EDƏ BİLMƏDİ (ayna, 20.02.2007)

single-news
20 Fev 2007

RASİM KARANIN KOMANDASI AUTSAYDERİ MƏĞLUB EDƏ BİLMƏDİ (ayna, 20.02.2007)



Futbol üzrə milli çempionatın XV turunun oyunları başa çatıb. Bazar günü maraqlı görüş "Olimpik" və "Karvan" arasında keçirilib. Daha yaxşı oyun göstərən Bakı klubu qalib gəlib. Qələbə qolunu "Olimpik"in gənc hücumçusu Nizami Hacıyev vurub. Bir müddət əvvəl bu futbolçu ilə Kiyev "Arsenal"ı maraqlanırdı. Qarşılaşmanın ardınca "Olimpik"in baş məşqçisi Əsgər Abdullayev mətbuat konfransına köməkçisi Novruz Əzimovu göndərib. N.Əzimov deyib: "İlk hissədə komandamız xoş təsir bağışladı və hesabı açdıq. Fasilədən sonra taktikanı dəyişdik. Ona görə ki, "Karvan"ın hücum futbolu oynayacağını bilirdik. İkinci hissədə bir neçə dəfə fərqlənmək imkanlarımız oldu, lakin yararlana bilmədik. Rəqibə gözəl oyun nümayiş etdirdiyi üçün təşəkkürümü bildirirəm". "Karvan"ın əsas çalışdırıcısı Yunis Hüseynov isə bildirib: "Oyunun gərgin keçəcəyini əvvəlcədən bilirdim. Fikrimcə, yetirmələrim birinci hissədə verilən tapşırığı yerinə yetirmədilər. İkinci taymda isə pis oynamadıq və oyuna görə uduzmadıq". Hazırkı çempion "Bakı" Respublika stadionunda "Turan"la qüvvələr nisbətinə aydınlıq gətirib. Paytaxtın eyniadlı təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib. Hər iki qola Leandro Qomeş imza atıb. Turun digər matçında "Şahdağ" və "Qarabağ" klublarının oyununda qalib müəyyənləşməyib. Komandalardan heç biri fərqlənə bilməyib. Bu, türk mütəxəssis Rasim Karanın çalışdırdığı Ağdam kollektivinin ikinci qarşılaşmada xal itkisidir. XV tur "Neftçi" - "Xəzər-Lənkəran" - 1:0; "Simurq" - "Gənclərbirliyi" - 1:0; "Gilan" - "MKT-Araz" - 0:1; "Olimpik" - "Karvan" - 1:0; "Bakı" - "Turan" - 2:0; "Şahdağ" - "Qarabağ" - 0:0

Paylaş

// pop up