Rauf ardıcıl 2-ci dəfə:`3 qol deyil, 3 xal istəyirəm`
16 Fev 2011
Rauf ardıcıl 2-ci dəfə:`3 qol deyil, 3 xal istəyirəm`
`Qarabağ`ımız premyerliqada fırtına kimi əsir. Son 5 oyunda meydandan qələbə ilə ayrılan komandamız sonuncu turda `Qəbələ`ni darmadağın etməklə ilk `6`lıqda yerini təmin etdi. Belə də komandamızın hər hansısa futbolçusunun turun oyunçusu seçilməsi gözlənilən hal idi. Ölkənin populyar idman nəşri `Futbol+` komandamızın forvardı Rauf Əliyevi turun ən yaxşı futbolçusu seçib. `Qəbələ` ilə oyunda ilk qolumuzu vuran, Əfranın vurduğu qolda assistentlik edən Raufun uğurunda maraqlı bir məqam ondan ibarətdi ki, 22 yaşlı forvard bundan əvvəlki turda, ötən ilin dekabrın 23-ündə baş tutmuş XIX turun da ən yaxşı oyunçusu seçilmişdi. Beləliklə, Rauf ardıcıl 2-ci dəfə bu uğura nail olan nadir futbolçulardan biri kimi yadda qaldı. Görəsən, Rauf özü bu barədə nə deyir:`Açığı, `Xəzər-Lənkəran`ı məğlub etdiyimiz oyun sonrası turun ən yaxşı oyunçusu seçilməyim yaddımda qalsa da, üzərindən o qədər vaxt keçib ki ardıcıl 2 dəfə seçilməyimin fərqində olmamışam(gülür). Əlbəttə, istənilən futbolçu üçün bu sevindirici məqamdır. Bu futbolçunu daha da ruhlandırır. İlk öncə məni seçdiklərinə görə təşəkkür edirəm. 3-c dəfə seçilmək? Gərək bunun üçün `Gəncə`nin qapısına 3 top vurum(gülür). Təbii ki, istəyirəm. Amma `Gəncə` ilə oyuna 3 top yox 3 xal üçün çıxacam. Əsas odur ki, qələbə qazanaq. Qolların kim vurması önəmli deyil. Hücum xəttimiz Əfranın dönüşündən sonra daha da güclənib. Ona görə də mən olmasam da, komandamın hər oyunda çoxlu qol vuracağına inanıram.`